Husilər ABŞ-ın "M/V Gibraltar Eagle" gəmisinə raket atıb, ABŞ husilərin gəmi əleyhinə qanadlı raketini vurub

Mərkəzi Komandanlığın bazar ertəsi bildirdiyinə görə, Yəmən husiləri Qırmızı dənizdə ABŞ-a məxsus "M/V Gibraltar Eagle" yük gəmisinə gəmi əleyhinə ballistik raket atıb. Xəsarət alanlar və ciddi ziyan barədə məlumat verilməyib.

Yəmənin Qırmızı dəniz sahillərinin böyük hissəsinə nəzarət edən İranın dəstəklədiyi husilər İsraillə əlaqəli olan və ya İsrail limanlarına gedən ticarət gəmilərinə hücumlar həyata keçirir.

Husilərin hücumlarına cavab olaraq, ABŞ və Britaniya ordusu keçən həftə husilərin Yəməndəki mövqelərinə havadan və dənizdən zərbələr endirib. Paytaxt və Yəmənin qərbi və şimalının böyük hissəsinə nəzarət edən husilər Qırmızı dənizdə hücumlarını davam etdirəcəklərini bildirib.

ABŞ ordusu bazar günü Qırmızı dənizin cənubunda, Yəmənin husilərin nəzarətindəki bölgəsindən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus esminesə atılan gəmi əleyhinə qanadlı raketi vurduğunu bildirib.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bildirdiyinə görə, qırıcı təyyarə raketi liman şəhəri Hodey sahilləri yaxınlığında vurub. CENTCOM-un məlumatına görə, xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Hücumlar Aralıq dənizi ilə birləşən mühüm marşrut vasitəsilə daşımaların dayandırılmasına səbəb olub və bir çox beynəlxalq gəmiçilik şirkətləri bu ərazidən uzaq durmaq üçün daha uzun marşrutlara üstünlük verib.

Husilərin son hücumu ABŞ və Britaniyanın husilərin Qırmızı dənizdəki təhdidlərinə cavab olaraq, Yəmənin qərbində 30-a yaxın husi hədəfinə hava zərbələri endirməsindən bir neçə gün sonra baş verib.