Xocalıya dair sənəd Konqresin Xarici Əlaqələr Komitəsinə təqdim edilib

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Con Beyner Nyu Meksiko ştatı Senatının Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar qəbul etdiyi qətnaməni Xarici Əlaqələr Komitəsində baxılmaq üçün Konqresə təqdim edib.

Nyu Meksiko ştatının Senatı 2013-cü il yanvarın 28-də qəbul etdiyi qətnamədə ABŞ Konqresi və administrasiyası Xocalıda baş vermiş qətliamı tanımağa, faciə nəticəsində həlak olmuş insanların xatirəsi anılmağa çağırılır. Ştatın partlamentinin hər iki palatasında qəbul edilmiş qətnamədə Nyu Meksiko qanunvericiləri Konqres və ABŞ prezidentindən hadisələrin rəsmi olaraq tanınmasını istəyib.

ABŞ və Kanadada fəaliyyət göstərən Azərbaycan Amerika Şurasının icraçı direktoru Cavid Hüseynov Amerikanın Səsinə (www.amerikanınsesi.org) bildirib ki, qətnamənin spiker Beyner tərəfindən Konqresə təqdim edilməsi Xocalı hadisələrinin Birləşmiş Ştatlar Konqresi və administrasiya səviyyəsində tanınması istiqamətində ilk addımdır.

Your browser doesn’t support HTML5

Cavid Hüseynov



“Belə görünür, federal Konqres, xüsusilə də Con Beyner Nyu Meksiko ştatının yerli qanunvericlik orqanından təklifi qəbul edib və Konqresin sessiyası zamanı qeyd edib ki, Nyu Meksiko belə bir müraciət edib. O bu müraciəti Konqresin aşağı palatası olan Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə yollayıb. Xarici Əlaqələr Komitəsinin sədri ermənipərəst Kaliforniyanın təmsil edən konqresmen Ed Roysdur. O, Azərbaycan və Türkiyə əleyhinə yönəlmiş bir neçə qanunun müəllifidir. Hal-hazırda mən inanmıram ki, o, Xocalı hadisələrinin ildönümünə qədər bu komitədən keçməsinə imkan yaratsın. Amma eyni zamanda, spiker Beyner tərəfindən Nyu Meksikoda qəbul edilən qanunun ortaya çıxarılıb Konqresdə qeyd olunması bizim üçün böyük bir nailiyyətdir və artıq onu göstərir ki, ABŞ Konresində bu hadisələrin rəsmi olaraq tanınmaq şansları var, bu il olmasa da, gələn il tanınmalıdır.”

Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı qətnamə Nyu Meksiko ştatının parlamentinə senator Cerald Ortis U Pino tərəfindən təqdim edilmişdir.