Pentaqonun məlumatına görə, Birləşmiş Ştatlar və Çin çərşənbə günü Vaşinqtonda iki gün davam edən hərbi danışıqları başa çatdırıb. Bu, iki ölkə hərbi ələaqələri bərpa etməyə razılaşandan sonra onlar arasında ilk görüşdür.
Vaşinqton və Pekin arasında demokratik şəkildə idarə olunan Tayvanın gələcəyindən tutmuş Cənub Çin dənizindəki ərazi iddialarına kimi bir çox məsələ səbəbilə qarşıdurma yaşanır. ABŞ fevral ayında Çinə məxsus olduğu iddia olunan casus şarını vurandan sonra iki ölkə arasına münasibətlər hələ düzəlməyib.
ABŞ Prezidenti Co Bayden və Çin Prezidenti Şi Tsinpin ötən il Nümayəndələr Palatasının ozamankı spikeri Nensi Pelosinin 2022-ci ilin avqustunda Tayvana səfərindən sonra Pekin tərəfindən kəsilən hərbi əlaqələri bərpa etməyə razılaşıb.
Pentaqon bildirib ki, danışıqların 17-ci raundunda müdafiə katibinin Çin, Tayvan və Monqolustan üzrə köməkçisinin müavini Maykl Çeyz Çinin mərkəzi hərbi komissiyasının beynəlxalq hərbi əməkdaşlıq ofisinin direktor müavini general-mayor Sonq Yançao ilə görüşüb.
“İki tərəf ABŞ-Çin Xalq Respublikası arasında müdafiə əlaqələrini müzakirə edib və Çeys rəqabətin münaqişəyə çevrilməsinin qarşısını almaq üçün ordular arasında kommunikasiyada açıq xəttləri saxlamağın vacibliyini vurğulayıb,” açıqlamada bildirilib.
Pentaqon rəsmiləri deyir ki, iki ordu arasında kommunikasiya səhv hesablamanın münaqişəyə çevrilməsinin qarşısını almaq üçün mühümdür.
ABŞ-ın yüksək rütbəli ordu zabiti, Birgə Qərargahlar Rəisi general Çarls Braun ötən ay çinli həmkarı general Lui Jenli ilə virtual görüş keçirib.
Çinin müdafiə nazirliyi çərşənbə günü görüşə istinad edərək deyib ki, Çin ABŞ-la “bərabərlik və hörmət əsasında” ordular arasında sağlam və stabil münasibət qurmağa hazırdır.
Nazirlik ABŞ-ı Cənubi Çin dənizində hərbi yerləşdirməni və "təxribatçı hərəkətləri" kəsməyə, həmçinin "müəyyən ölkələr" tərəfindən bu cür hərəkətlərə dəstəyi dayandırmağa çağırıb, lakin onları müəyyən etməyib.
O, ABŞ-ı tək Çin siyasətinə əməl etməyə və Tayvanın etirazlarına rəğmən Çinin öz ərazisi olduğunu iddia etdiyi Tayvanı silahlandırmağa son qoymağa çağırıb və bu məsələdə heç vaxt kompromisə getməyə söz verib.
“Birləşmiş Ştatlar dəniz və hava təhlükəsizliyi ilə bağlı problemlərin əsas səbəblərini tam anlamalı, cəbhə xəttindəki qüvvələrini ciddi şəkildə məhdudlaşdırmalı və (məsələləri) şişirtməyi dayandırmalıdır,” nazirlik əlavə edib.