Birləşmiş Ştatlar və Kanadanın yüksək səviyyəli diplomatları çərşənbə günü ticarət məsələlərinin müzakirəsini əhatə edən danışıqlar aparıblar, ABŞ prezidenti Donald Tramp isə Kanada və Meksikadan avtomobil idxalına 25%-lik yeni tarifi bir ay təxirə salıb.
ABŞ Dövlət Departamenti bildirib ki, dövlət katibi Marko Rubio və Kanadanın xarici işlər naziri Melani Coli “ortaq qlobal çətinliklər, təhlükəsiz sərhədlər, qarşılıqlı ticarət və iqtisadi rifah” mövzusunda müzakirə aparıblar.
Ağ Evin mətbuat katibi Karolayn Levit jurnalistlərə bildirib ki, Tramp tariflərin təxirə salınmasını açıqlamazdan əvvəl Ford, General Motors və Stellantis avtomobil istehsalçılarının yüksək səviyyəli rəsmiləri ilə danışıb. Onun sözlərinə görə, Tramp avtomobil istehsalçılarını tariflərdən tamamilə yayınmaq üçün Meksika və Kanadadakı istehsallarını ABŞ-a köçürməyə çağırıb.
Trampın ABŞ-ın iki ən böyük ticarət tərəfdaşına tətbiq etdiyi yeni rüsumlar digər məhsullar üçün qüvvədə qalır, baxmayaraq ki, Levit prezidentin digər mümkün istisnalar üçün səbəbləri dinləməyə açıq olduğunu bildirib.
Associated Press-in məlumatına görə, Tramp Kanadanın baş naziri Castin Trüdo ilə günün əvvəlində danışdıqdan sonra avtomobil tariflərinin təxirə salınmasını açıqlayıb. Associated Press-ın bildirdiyinə görə, Tramp Kanadaya tətbiq etdiyi hər hansı tarifi qüvvədə saxlasa, Trüdo da Kanadanın cavab tariflərini aradan qaldırmağa istəkli olmayacaq.
Ontario əyalətinin baş naziri Doq Ford ABŞ-ın Kanada avtomobillərinin ABŞ-a ixracına tətbiq etdiyi tarif qüvvədə qalacağı təqdirdə, Kanada avtomobil zavodlarında istehsalın təxminən 10 gün ərzində dayandırılacağını bildirib.
Kanada əyalətlərinin başçıları, Birləşmiş Ştatlara istinad edərək, vahid bazardan asılılığını azaltmaq üçün Kanada daxilində və xaricdəki ölkələrlə ticarəti gücləndirmək üçün tədbirlər gördüklərini bildiriblər.