Həmid Karzai Kabildə ABŞ senatorları ilə görüşüb


Əfqanıstan prezidenti Həmid Karzai Vaşinqtonda prezident Barak Obama ilə danışıqlardan öncə Kabildə ABŞ senatorlarından ibarət nümayəndə heyətinin üzvlərilə görüşüb. Nümayəndə heyətinə Senatın Silahlı Qüvvələr Komitəsinin sədri senator Karl Levin başçılıq edir.

Əfqanıstan prezidentinin ofisindən bildirilib ki, şənbə günü keçirilən görüşün diqqət mərkəzində iki ölkə arasında təhlükəsizliyə dair müqavilə, Əfqanıstanda sülh prosesi və ölkənin ABŞ-la gələcək münasibətləri də daxil olmaqla müxtəlif məsələlər olub.

Prezident Karzai ABŞ senatorlarına Amerika əsgərlərinin əfqan kəndlərindən çıxıb öz hərbi bazalarına qayıtmalı olduqlarını deyib.

Cənab Karzai bazar ertəsi günü prezident Obama ilə görüşmək üçün Vaşinqtona gələcək.