Urmiyə gölü müdafiəçisi ayaqları zəncirli həkimə aparılıb

Abdullah Səduqi

Azərbaycan veb səhifələri Urmiyə gölü etirazları ilə bağlı bir il həbsə məhkum edilmiş və hazırda Təbriz zindanında həbsini keçirən Abdullah Səduqinin (Güntay) ayaqları zəncirlə bağlanaraq polis məmurlarının müşayiəti ilə həkimə aparıldığını göstərən şəkillər yayıblar.
Yayılan məlumata görə, ayaq sümüyündə problem yaşadığı üçün uzun müddət mütəxəssis həkim tərəfindən müayinə tələb edən Abdullah Səduqi avqustun 19-da ayağı zəncirlə bağlanaraq üç məmur tərəfindən ortopedik həkimə aparılıb.
“Mədəni fəalın ayağına keçmişdə platin qoyulub. O, son zamanlarda ayağındakı şiş səbəbilə mütəxəssisə göstərilmək istəyirdi. Ötən həftələrdə də bir neçə gün aclıq aksiyası keçirdiyi üçün durumu daha da pisləşmişdi,” deyə Araz New saytı fəalın ailəsinə istinadən qeyd edib.
Araz News-da yazılanlara görə, fəalın ayaqlarının kriminallar kimi zəncirlə bağlanması onu görməyə gələn ailə üzvləri, o cümlədən kiçik qızını çox kədərləndirib.
Abdullah Səduqi 2011-ci ilin avqust ayında 28 başqa fəalla birlikdə Təbrizin Qumtəpə məhəlləsində bir evdə Urmiyə gölünün quruması ilə bağlı toplantı keçirərkən həbs edilmişdi. O, daha sonra müvəqqəti olaraq zəmanətlə azadlığa buraxılsa da, məhkəmə tərəfindən bir il azadlıqdan məhrum etmə, habelə əlavə olaraq bir il şərti həbsə məhkum edilib.