Urmiyəli milli fəal həbs və qamçı cəzasına məhkum edildi

Salar Tahir Əfşar

Noyabr etirazları zamanı təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən türk fəal Salar Tahir Əfşar məhkəmə tərəfindən həbs və qamçı cəzasına məhkum edilib.

Günaz TV və insan haqları fəallarının sosial mediada yayımladığı məlumata əsasən, Salar Tahir Əfşar Məhkəmə tərəfindən noyabr etirazlarında fəallıq nədəniylə 8 ay həbs və 20 qamçıya məhkum edilib.

Salar Tahir Əfşar ötən il noyabrın 18-də polisinin təhlükəsizlik qüvvəsi tərəfindən həbs edilərək, həbsi müddətində təhlükəsizlik qüvvələri Tahir Əfşarın ata evində həmçinin tanışları və dostlarının evlərinə hücum edərək axtarış aparıblar.

Salar Tahir Əfşar həbs edildikdən iki gün sonra məhkəməyə çıxarılıb, 100 milyon tümən girov qarşılığında müvəqqəti sərbəst buraxıldı. Amma məhkəmədən çıxarkən İran İnqilab qvardiyasının təhlükəsizlik qüvvələri tərəfindən təkrar həbs edildi. Milli fəal Tahir Əfşar 8 gün İran İnqilab qvardiyasının təhlükəsizlik qüvvələri nəzarətində saxlanıldıqdan sonra sərbəst buraxılmışdı.

İranda İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin verdiyi məlumata əsasən, Tahir Əfşar 2018 iyulda Urmiyə polisinin təhlükəsizlik qüvvələri tərəfindən 12 gün həbsdən sonra sərbəst buraxılmışdı. O daha sonra Urmiyə İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən "ölkənin müxalifət qruplarına üzv olmaq" ittihamı ilə bir milyon tümən cəzasına məhkum edilmişdi.

İranda ötən il noyabr ayında benzin qiymətinin artması nəticəsində baş verən aksiyalarda Reuters agentliyinin hesablamalarına görə 1500 nəfər, Amnesty International təşkilatının bildirdiyinə görə isə 300 nəfərdən çox insan həlak olub. Həmçinin aksiyalar zamanı yüzlərlə vətəndaş və siyasi fəal təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.