Urmiyədə 22 nəfər noyabr etirazları səbəbilə məhkəməyə çağırılıb

İranda 22 vətəndaşın keçən noyabr ayında benzin qiymətinin artmasının ardınca baş qaldıran etirazlar səbəbilə məhkəməyə çağırıldığı bildirilir.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin məlumatına görə, etirazlar zamanı nəzarət altına alınaraq daha sonra müvəqqəti azadlığa buraxılan 22 nəfər “son müdafiə” üçün məhkəməyə çağırılıblar.

HRA-nın xəbərinə görə, prokuror Behzad Sarxanlının imzaladığı çağırış vərəqəsində Zəhra Bayat, Məhəmməd Nikxu Daştəpə, Zəhra Həbibi, Sevda Məhəmmədi Balanış, Həmid Purnəcəfi, Keyvan Nəcəfi Baldırlı, Ramin Heydəri Qutlu, Fatma Zeynali, Puyan Bəşirxudayi, Müjgan Təhmasibzadə, Əli Hüseyni Almanava, Rza Dərvişi, Əmir Məşuf, Məhəmməd Əlizadə, İrfan Əsgərdost, Əzra Xudadadi Ağgünbəz, Məhəmmədrza Qadir, Hüseyn Həbibvəndiyan, Mahmud Əlizadə, Səccad Sabir Kürdlər, Rəsul Damad Çonqaralı və Keyvan Əlizadədən 5 gün ərzində məhkəməyə müraciət etmələri tələb olunub.

SEE ALSO: ABŞ: Ehtimal var ki, İranda 1000-dən çox etirazçı öldürülüb

Məhkəməyə çağırılanlar “ümumi intizam və asayişi pozmaqda” ittiham olunublar.

Artan benzin qiymətinə qarşı noyabrın 15-də başlayan və günlərlə davam edən kütləvi aksiyalarda minlərlə etirazçı saxlanılıb, yüzlərlə vətəndaş həlak olub. Bəzi mənbələrə əsasən, ölənlərin sayı təqribən 1500 olub.