Urmiyəli avtobus sürücüləri parlament önündə aksiya keçirib

Ötən həftə 4 günlük tətil aksiyasi keçirən Urmiyə şəhər nəqliyyatı avtobus sürücüləri aksiyalarını Tehranda parlament önündə davam etdirib.

İLNA-nın məlumat;na görə, dekabrın 19-dan bəri tətil aksiyası keçirən özəl sektora aid avtobus sürücüləri vilayət rəsmiləri və Urmiyə bələdiyyəsindən cavab ala bilmədikd' Tehrana gedib məclis önündə aksiya keçiriblər. İran məclisində Urmiyə deputatı Vəhid Calalzadə aksiya keçirən sürücülərin toplandıqları yerə gələrək onların istəklərini dinləyib.

Sentyabr ayında Urmiyə şəhər içi özəl sektor avtobus şirkətlərinin sürücüləri koronavirus pandemiyasından dolayı məhdudiyyətlər nəticəsində yaşayış şəraitinin pisləşməsi və rəsmilərin onlara laqeyd qalmasına etiraz olaraq tətil aksiyası keçirimişdilər.

Sürücülər və işəgötürənlərin etirazı nəticəsində Urmiyə bələdiyyə məclisi onların istəkləri istiqamətində yardım layihəsi qəbul etmişdi, ancaq layihənin qəbulundan 3 ay keçməsinə rəğmən, bələdiyyə öhdəlikərini yerinə yetirməyib. Bunun ardından isə yenidən etirazlar baş qaldırıb.

Urmiyə şəhər nəqliyyat sistemində fəaliyyət göstərən 343 avtobusun 293-ü özəl sektor mülkiyyətindədir və ötən həftədən 293 avtobusun tətil aksiyası şəhər nəqliyyatında tixaca səbəb olub.

Urmiyəli avtobus sürücüləri, Tehran kimi digər şəhərlərdə bələdiyyə, şəhər nəqliyyatında fəaliyyət göstərən hər avtobus üçün aylıq 4 milyon tümən ödədiyini, Urmiyə bələdiyyəsi də belə aylıq ödənişlər ilə nəqliyyat işçilərində yardımçı olması gərəkdiyini deyirlər. Digər tərəfdən bələdiyyə rəsmiləri öhdəliklərini yerinə gətirməmə səbəbini yetərsiz büdcə ilə izah edir.

Pandemiya protokollarına əsasən sosial məsafəyə görə sərnişin sayının azaldılması nəticəsində sürücülərin və özəl sektor işəgötürən şirkətlərin gəlirlərində ciddi azalma və onun bələdiyyə tərəfindən qarşılanmaması, ayrıca avtobus xidmət tariflərinin inflyasiya səviyyəsinə görə artırılmaması kimi məsələlər sürücülərin aksiya keçirməsinin əsas səbəblərdəndir.