Qərbi Azərbaycan vilayətində milli fəallar İskəndər Əli-Mirzayi və Ata Kəriminin dekabrın 26 və 27-də İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyi bildirilir.
Güney Azərbaycan Televiziyasının (Günaz TV) məlumatına görə, Ata Kərimi dekabrın 27-də Urmiyənin Bələdiyyə və Məşhədin Saminəl-Hücəc komandaları arasında keçirilən voleybol matçı zamanı Urmiyə stadionunda nəzarət altına alınıb.
Urmiyəli fəal bundan əvvəl də göstərdiyi fəaliyyətlər, o cümlədən Urmiyə Gölü etirazları ilə əlaqədar bir neçə dəfə həbs və mühakimə edilib.
İskəndər Əli-Mirzayi isə, Oyan News veb səhifəsinə istinadən, dekabrın 27-də Sulduz (Nəğədə) şəhərində saxlanılıb.
Yayılan məlumata görə, sulduzlu türk fəal İran polisinin təhlükəsizlik bölməsi tərəfindən “idari bir iş” üçün çağırılıb, ancaq qurumun Nəğədə şöbəsinə müraciət etdiyi zaman tutularaq həbsxanaya göndərilib.