Urmiyədə 6 fəal şallaq cəzasına məhkum edilib

Urmiyə məhkəməsi keçən ilin noyabr ayında Urmiyədə təşkil olunan etirazlar zamanı nəzarət altına alınan 6 türk fəalı şallaq və cərimə cəzasına məhkum edib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, məhkəmə Əli Əzizi, Elyar Hüseynzadə, Yasin Həsənpur, Keyvan Paşayi, Əmin Zare və Salar Tahir-Afşar barəsində 20 zərbə şallaq və bir milyon yarım tümən cərimə cəzası çıxarıb.

Keyvan Paşayi, Əmin Zare və Salar Tahir-Afşara qarşı çıxarılan cəzalar üç il sınaq müddəti olmaqla şərti hesab edilib.

SEE ALSO: Əli Əzizi Urmiyədə qiyabi olaraq mühakimə edilib

Fəalların məhkəmə iclası martın 7-də Urmiyə Cəza Məhkəməsinin 101-ci şöbəsində keçirilib. Əli Əzizi başqa bir ittihamla əlaqədar Təbriz həbsxanasında saxlanıldığı üçün iclasa qatıla bilməyib.

HRA-nın xəbərinə istinadən, hakim Həmid Gülinejad, fəalları “ümumi intizam və asayişi pozmaq” və “qanunsuz aksiya keçirərək yolu bağlamaq” ittihamları ilə mühakimə edib.

SEE ALSO: İran Azərbaycanında öldürülən etirazçılarla bağlı məlumat yayılıb

Keçən ilin noyabr ayında Urmiyədə təşkil olunan etirazlar zamanı nəzarət altına alınan fəallar təhlükəsizlik həbsxanasında bir müddət sorğu-sual edildikdən sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdılar.

2019-cu ilin noyabrında İranda benzinin qiymətinin artması ardından baş qaldıran etirazlar zamanı ölkənin müxtəlif bölgələrində yüzlərlə etirazçı öldürülüb, minlərlə vətəndaş nəzarət altına alınıb.