Urmiyə gölü böhranlı günlərinə geri dönür?

Urmiyə gölündə su səviyyəsinin keçən ilin eyni dönəminə görə 55 sm azalması gölün ətrafında ekoloji fəlakət təhlükəsi ilə əlaqədar narahatlıqların artmasına yol açıb.

Qərbi Azərbaycan vilayətinin regional su şirkəti Urmiyə gölündə su səviyyəsinin azalması ilə bağlı məlumatı keçən həftə açıqlamışdı. Ekoloji ekspertlərinə görə, bu açıqlamalar Urmiyə gölünün yenidən 2013-2014-cü illərindəki böhranlı günlərinə geri dönməsi anlamına gəlir.

Yarı-rəsmi “Mehr” xəbər agentliyi mövzu ilə bağlı “Urmiyə Gölünündə qeyri-müəyyənlik: canlandırma, yoxsa yenidən ölüm?” başlıqlı bir reportaj yayıb.

Agentliyin veb səhifəsində yazılanlara görə, “Həsən Ruhani höküməti 2021-ci ilə qədər Urmiyə Gölünü canlandıracağını vəd etmişdi. Ancaq hazırda Ruhani hökümətinin son aylarında Urmiyə gölünün 2013-14-cü illərdəki kritik vəziyyətə geri döndüyünü görürük.”

Ekoloji ekspertlərindən əlavə bəzi millət vəkilləri də Urmiyə gölü ətrafında mövcud ekoloji fəlakətin Təbriz və Urmiyə kimi şəhərlərdə havanın çirklənməsinin təhlükəli səviyyəyə çatmasına böyük təsir göstərdiyini, həmçinin yaxın kəndlərdə tənəffüs və göz xəstəliklərinin yayılmasına səbəb olduğunu bildirir.

Universitet profesoru və İran ətraf mühit mühafizəsi təşkilatının keçmiş başqan muavini İsmail Kəhromun sözlərinə görə, Urmiyə gölü qurusa, altı ilə səkkiz şəhərin duz qatları altında qalaraq bütünlüklə məhv olacağı təxmin edilir.