Urmiyədə edam məhkumunun “qan sahiblərindən” razılıq almasına 2 həftəlik möhləti qalıb

Məhəmməd Xızırpur

Hüquq müdafiəçiləri Urmiyənin mərkəzi həbsxanasında saxlanılan Məhəmməd Xızırpurun yaxında edam ediləcəyi barədə xəbərdarlıq edirlər.

İran İnsan Haqları Təşkilatına (İran HR) istinadən, “qətl ittihamı ilə qisas hökmünə məhkum edilmiş Xızırpurun qan sahiblərinin (qətlə yetirdiyi şəxsin ailəsi) razılığını almaq üçün 2 həftə möhləti qalıb.”

Xızırpur təqribən 4 il əvvəl Qərbi Azərbaycan vilayəti Üşnü şəhərinin kənarında bir şəxsi maliyyə mübahisəsi səbəbilə qətlə yetirmək ittihamı ilə mühakimə edilib.

İran HR təşkilatına danışan məhkumun atası cinayətin qəsdən həyata keçirilmədiyini görən şahidlərin olduğunu qeyd edib.

Xızırpurun diyə-təzminat qarşılığında qətlə yetirdiyi şəxsin ailəsindən razılıq almaq üçün iki həftə möhləti qalıb. Ancaq atası diyə ödəmək üçün imkanlarının olmadığını söyləyir.

İranda qətl ittihamı ilə edama məhkum olunanlar qətlə yetirdikləri şəxsin ailəsini diyə-təzminat almağa razı etdikləri təqdirdə ölüm cəzasından qurtula bilirlər. Son möhlətə qədər diyə məbləğini hazırlaya bilməyən məhkumların ölüm cəzası tətbiq edilir. “Diyə” şəriət qanunlarına görə hesablanan bir təzminat növüdür.