Urmiyə Universitetinin tədris işləri üzrə prorektoru İsmayıl Ayenin mətbuata verdiyi məlumata görə, universitet 2015-2016-cı tədris ilində İstanbul Türkcəsi Dili və Ədəbiyyatı ixtisasının tədrisini başlayıb və ilk dönəmdə 30 tələbə qəbul ediləcək.
“İstanbul Türkcəsi Tehranın Əllamə Təbatəbai Universitetində tədris olunur və Urmiyə Universiteti bu ixtisasda tələbə almağa başlayan ölkənin ikinci universitetidir,” deyə İsmayıl Ayen universitetlərlə bağlı xəbər yayan “Nəsli Burhan” adlı internet qəzetinə müsahibədə qeyd edib.
Urmiyə Universitetində Türk Dili və Ədəbiyyatı bölümünün açılması ilk dəfə 2013-cü ildə Türkiyənin Urmiyədəki baş konsulu ilə Qərbi Azərbaycan vilayətinin valisi arasında təşkil olunan bir görüşmədən sonra gündəmə gəlmişdi.
Əllamə Təbatəbai və Urmiyə universitetlərində bölümün fars dilindəki rəsmi adında “İstanbul Türkcəsi” ifadəsi işlədilib. Fars dilində adətən türk dilinin İranda xüsusilə Azərbaycan vilayətlərində danışılan ləhcəsi türkcə, Türkiyə ləhcəsi isə İstanbul türkcəsi adlanır.
Güneyli fəallar bu ixtisasın Tehrandan sonra İran Azərbaycanında da fəaliyyətə başlamasını müsbət addım hesab etsələr də, bölümün adında Türkcə yerinə “İstanbul Türkcəsi” ifadəsinin işlədilməsini tənqid edirlər.
Bu barədə təqribən 65 min istifadəçi tərəfindən izlənilən “Azərbaycan Fəxrləri” adlı Facebook səhifəsində bu ifadələr paylaşılıb:
“İranda fars dili və ədəbiyyatı deyəndə bütün farsdilli ölkələrdəki ədəbiyyat qəsd olunur. Kürd dilini də misal üçün İran və İraq kürdcəsi ya Sorani və Kəlhuri kürdcə olaraq ayırmırlar. Ama Türkcəyə gələndə, onun Güney Azərbaycan və İran daxilindəki ədəbiyyatını tanımaq istəmirlər... Bu ikili standarddır. Türk dilini parçalayaraq zəiflətmək istəyirlər... İstanbul sözü göstərir ki, türkcəni ancaq xarici bir dil kimi göstərməyə çalışırlar... Beləliklə universitet məsulları və ya müəllimlər bu ixtisası tədris etdikləri zaman Güney Azərbaycan və İranda yaradılmış türkcə ədəbi fəaliyyətlərə yer verə bilməyəcəklər”.