Urmiyədə İpək Yolu Proqramının beynəlxalq toplantısı keçirilib

Silk Road Task Force Meeting - Urmia

Dünya Turizm Təşkilatı və 33 ölkənin təmsilçiləri Urmiyəyə səfər edib

Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiyə şəhəri aprel ayının 22-dən 25-dək Dünya Turizm Təşkilatının İpək Yolu üzrə işçi qrupunun 6-cı beynəlxalq toplantısına ev sahibliyi edib.

İranın rəsmi dövlət agentliyi İRNA-ya istinadən, İpək Yolu Proqramı və YUNESKO-dan təmsilçi və ekspertlər, eləcə də proqrama üzv 33 ölkənin təmsilçiləri bu toplantıda iştirak üçün Urmiyəyə səfər ediblər.

Tədbir Urmiyənin “Ana” hotelində təşkil edilib.

Yayılan məlumata istinadən toplantıya qatılanlar qədim Urmiyə və Xoy şəhərlərinin tarixi məkanları və görməli yerlərini də gəziblər.

Dünya Turizm Təşkilatının (UNWTO) veb səhifəsində yazılanlara görə, Urmiyə toplantısı 2016-17-ci illərin İpək Yolu fəaliyyət planının müzakirəsi üçün təşkil edilib.

İpək Yolu işçi qrupunun 3-cü toplantısı 2013-cü ilin aprel ayında Bakıda keçirilmişdi.

Dünya Turizm Təşkilatının İpək Yolu Proqramı tarixi İpək Yolu üzərində davamlı turizmin inkişafının dəstəklənməsi üçün layihələşdirilmiş bir əməkdaşlıq təşəbbüsüdür.