İran xəbər agentlikləri Qərbi Azərbaycan vilayətində şiə alimləri yetişdirən elmi seminariyaların (hövzələr) ötən dörd il ərzində 300 faizdən artıq genişləndiyini, eləcə də yaxında vilayətin mərkəzi Urmiyə şəhərində beynəlxalq şiə təhsil mərkəzinin təsis ediləcəyini bildirib.
Qərbi Azərbaycan vilayətinin şiə elmi təhsil mərkəzinin müdiri Höccətül-İslam Məhəmməd Cavad Qərhrəmani bu haqda mediaya məlumat verib:
“Dörd il öncə, vilayətdə elmiyyə hövzələr müdirliyi təsis edildiyi zaman, Qərbi Azərbaycan hövzələrinin 350 tələbəsi və 30 daimi müəllimi var idi. Amma səylərimiz nəticəsində böyük bir irəliləyiş əldə edərək hazırda mindən artıq tələbə və yüzdən artıq daimi müəllimimiz vardır.”
Təsnim xəbər agentliyinin yazdığına görə, Höccətül-İslam Qərhrəmani Urmiyədə beynəlxalq şiə seminariyasının “Qərbi Azərbaycan vilayətinin strateji mövqeyi səbəbi ilə” təsis ediləcəyini bildirib.
Azərbaycan Respublikası (Naxçıvan), Türkiyə və İraq kimi ölkələrlə sərhəddi olan Qərbi Azərbaycan vilayəti İran Azərbaycanı və İranda geniş məzhəb müxtəlifliyi ilə tanınır.