Azərbaycan və Türkiyə idmançılarını alqışlayan güneylilərin mühakiməsi başlanıb

Yasir Əkbəri və Məhəmməd Təməddün

Ötən həftələrdə Urmiyə şəhərində keçirilən Beynəlxalq Karate Turnirində Azərbaycan Respublikası və Türkiyədən qatılan idmançıları alqışladıqları üçün İranın təhlükəsizlik qurumu tərəfindən nəzarət altına alınmış Yasir Əkbəri və Məhəmməd Təməddünün məhkəmə prosesinin başlandığı bildirilir.

Oyan News veb səhifəsinin yazdığına görə, urmiyəli gənclər ötən günlərdə İran İslam Respublikası məhkəməsinin istintaq şöbəsinə çağrılıb və sorğu-sual ediliblər. Məlumatda məhkəmə prosesisinin bitmədiyi və iki mədəni fəalin gələn günlərdə təkrar sorğu-sual ediləcəyi qeyd edilib.

Yasir Əkbəri və Məhəmməd Təməddün mayın 9-da Urmiyənin Əl-Qədir stadionunda nəzarət altına alınıb, bir gecə İran Təhlükəsizlik Nazirliyinin Doqquz-Pillə məhəlləsindəki həbsxanasında sorğu-suala çəkildikdən sonra zəmanət qarşılığında və müvəqqəti olaraq sərbəst buraxılıblar.

İranda keçirilən idman turnirlərində Azərbaycan Respublikası və Türkiyədən gələn idmançıları alqışlayan, eyni zamanda, həmin ölkələrin bayraqlarını dalğalandıran, ya da bayraqların yanında xatirə şəkli çəkdirən güneylilərin vaxtaşırı İranın təhlükəsizlik və məhkəmə qurumları tərəfindən təqib və mühakimə edildiyi müşahidə edilir.