Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı (UNPO) oktyabrın 29-da yaydığı bəyanatda Urmiyə gölünün qurumasının qarşısını almaq üçün dünya ictimaiyyətini İran rəsmilərinə təzyiq göstərməyə çağırıb.
“Urmiyə gölü məsələsi tamamilə siyasiləşdirilib. Xüsusilə bu fakta görə ki, gölün quruması nəticəsində yerdə qalan duz zəngin uran qaynağıdır. Bütünlüklə İran rəsmilərinin tədbirsizliyindən ortaya çıxan ekoloji fəlakət üzündən yerli əhali öz ana yurdundan köçmək məcburiyyəti kimi risklə qarşılaşır,” deyə sənəddə qeyd edilib.
UNPO ayrıca vurğalayıb ki, Urmiyə gölü yaxınlığında yaşayan əhalinin əksəriyyətini təşkil edən Azərbaycan türkləri İran hakimiyyəti tərəfindən davamlı şəkildə ayrı-seçkiliyə məruz qalırlar.
İran dövlətinin Urmiyə gölünə dair özəl komissiya təşkil etməsi kimi fəaliyyətlərin yetərli olmadığını vurğulayan UNPO ciddi addımların atılmasını tələb edib.
“Güney Azərbaycanın ekoloji probleminə diqqət yetirilməsi və əhalinin sağlam və təhlükəsiz ekoloji şəraitdə yaşayışını təmin etmək üçün beynəlxalq ictimaiyyəti İran dövlətinə təzyiq göstərməyə çağırırıq,” deyə bəyanatda əlavə edilib.
Güney Azərbaycan Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatında (UNPO) Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) tərəfindən təmsil edilir.