"Vahid Rusiya"nın deputatı Zatulin Rusiya Federasiyasının Ukraynadakı müharibəsini tənqid etdiyinə görə cəzalandırıla bilər

Rusiya Dumasının "Vahid Rusiya" fraksiyasının deputatı Konstantin Zatulin

Rusiya Dövlət Dumasının "Vahid Rusiya" fraksiyasının deputatı, MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin iyunun 1-də "Bizə hansı Ukrayna lazımdır?" forumunda çıxış edib. Rusiyanın Ukraynada keçirdiyi "xüsusi əməliyyat"ın məqsədlərinin heç birinin nəticə vermədiyini, bəzilərinin isə "mənasını itirdiyini" bildirib.

"Vedomosti"nin bir neçə mənbəyə istinadən yazdığına görə, Zatulinin "Vahid Rusiya"dakı çıxışına görə məsləhətləşmələr başlayıb və o, Dumadakı bir sıra vəzifədən məhrum edilə və fraksiyadan çıxarıla bilər.

Zatulin forumda deyib ki, "xüsusi hərbi əməliyyat"ın başlanğıcında (Kreml Ukraynada müharibəni belə adlandırmağı tələb edir) rəsmən "denazifikasiya, demilitarizasiya, Ukraynanın neytrallığı, Donetsk və Luhansk Xalq Respublikaları sakinlərinin müdafiəsi kimi məqsədlər güddüyü" elan edildi.

"Biz bu günə qədər bu məqamlardan hansı ilə bağlı nəticə əldə etmişik? Heç biri ilə. Üstəlik, onlardan bəzilərinin heç bir mənası yoxdur" - deyə, deputat bildirib.

Zatulin Dumanın "Vahid Rusiya" fraksiyasının üzvü olsa da, partiyanın üzvü deyil. "Vahid Rusiya"dakı mənbələr vəziyyətlə "Vahid Rusiya" fraksiyasının rəhbərinin birinci müavini Vyaçeslav Makarovun məşğul olduğunu bildirib.

Partiyadakı mənbələrdən birinin bildirdiyinə görə, deputatın cəzalandırılması üçün müzakirə edilən variantlar arasında Zatulinin Dövlət Duması komitəsi sədrinin birinci müavini vəzifəsindən məhrum edilməsi və "Vahid Rusiya" sıralarından çıxarılması da var.

Nəşrin həmsöhbətinin sözlərinə görə, "Vahid Rusiya"nın Zatulinin açıqlamaları ilə bağlı "çoxdan yığılıb". Məsələn, o, Putinin 2021-ci ilin dekabrında təqdim etdiyi vətəndaşlıq haqqında qanun layihəsini tənqid edib.