BMT-nin uşaq agentliyi Mosulda uşaqların durumu ilə bağlı xəbərdarlıq edib. UNICEF bildirib ki, ABŞ-ın dəstəyi ilə İraq hərbi qüvvələri və İslam Dövləti qrupu arasında döyüşlər şiddətləndikcə Moslun qərb hissəsində olan uşaqlar daha ciddi təhlükə qarşısında qalır.
Agentliyin bazar ertəsi günü açıqladığı bəyanatda mülki vətəndaşların durumu ilə bağlı həyəcan doğuran məlumatların verildiyi bildirilir. UNICEF-in İraq üzrə nümayəndəsi Piter Hokins uşaqlar da daxil olmaqla mülki vətəndaşların qətlə yetirildiyi, şəhərdən qaçmağa çalışan insanların tərəflərin çarpaz atəşi altına düşdüyü haqda məlumatların daxil olduğunu bildirib.
Piter Hokins həyatını itirən uşaqların sayı ilə bağlı spesifik məlumat verməyib.
Onun təxminlərinə görə, təxminən 100-ə yaxın qız və oğlan Mosulun İslam Dövləti qrupunun nəzarətində olan köhnə şəhər hissəsində və onun ətrafında olduqca təhlükəli bir şəraitdə yaşayır. Piter Hokins tərəflərə uşaqları müdafiə etmək və onları hər zaman təhlükədən uzaqlaşdırmaq barədə xəbərdarlıq edib.
İraq hərbi qüvvələri ABŞ-ın başçılığı ilə koalisiyanın dəstəyi ilə Mosulun İŞİD-dən azad edilməsi üçün hərbi əməliyyatlar aparır.
ABŞ-ın başçılığı ilə beynəlxalq koalisiya Mosulun azad edilməsi əməliyyatlatında İraq hərbi qüvvələrinə havadan və quruda dəstək göstərir.
İraqın ikinci ən böyük şəhəri olan Mosul 2014-cü ilin iyun ayında İŞİD-in nəzarətinə keçib.
İŞİD-in nəzarətində olan getdikcə kiçilən ərazilərdə mülki əhalinin vəziyyəti daha da ağırlaşır. İnsanlar ərzaq qıtlığı qarşısında zibilliklərdən tullantıları yemək məcburiyyəti qarşısında qalıb. Güclü bombardmanlar nəticəsində çox sayda insan həyatını itirib.