Azərbaycanda qızları erkən yaşlarında ərə vermək hələ də mühüm problemdir

  • Ulviyyə Əsədqızı

Azərbaycanda qızları erkən yaşlarında ərə vermək hələ də mühüm problemdir

Müharibə və Sülh üzrə Xəbərvermə İnstitutu (İWPR) Azərbaycanda erkən nikahlar haqqında məqalə dərc edib. Məqalənin müəllifi Gülnur Raqifqızı ilə mövzu haqqında müsahibə

Mərkəzi Londonda yerləşən Müharibə və Sülh üzrə Xəbərvermə İnstitutu (İWPR) Azərbaycanda erkən nikahlar haqqında məqalə dərc edib. Məqalənin müəllifi jurnalist Gülnur Raqifqızı araşdırma barədə “Amerikanın səsi”nə danışıb.

Sual: Azərbaycanda erkən nikahlar problemi haqda son illər çoxsaylı yazılar dərc olunur. Bu mövzuya yenidən müraciət etməyə nə üçün ehtiyac gördünüz?

Cavab: Bu mövzuya müraciət etməyimin səbəbi Gəncədə baş verən bir hadisə oldu. Bu il Gəncədə 13 yaşlı 7-ci sinif şagirdini anası bir varlı kişiyə ərə vermək istəyirdi. Polisin müdaxiləsi ilə işin üstü açıldı. Hətta ehtimallardan biri də budur ki, həmin qız insan alverinin qurbanı ola bilərdi. Qeyd etməliyəm ki, bölgələrdə belə hadisələr tez-tez baş verir.

Sual: Sizin araşdırmanız nəyi üzə çıxartdı? Sizcə, niyə baş verir belə hallar?

Cavab: Müsahibə aldığım ekspertlər də, özümün şəxsi müşahidələrim də göstərir ki, bu daha çox maarifsizlik və cahilliklə bağlıdır. Məsələn, Tovuzun bəzi kəndlərində qızlar 17 yaşında ərə getməyibsə ona pis baxırlar ki, bu, yaxşı qız deyil. Valideynlər bir-birinin bəhsinə qızları ərə verirlər. Göstərilən başqa bir səbəb qızların tərbiyəsidir. Valideynlər narahatdırlar ki, onlar qızlarının namusunun qeydinə lazımınca qala bilməzlər, ən yaxşısı, qızı mümkün qədər tez ərə verib, sanki daha tez can qurtarmaqdır. Deyirlər ki, qızın tərbiyəsi ilə əri məşğul olsun. Adətən, bu cür nikahlarda təşəbbüskar valideynlərdir. Xüsusilə, qərb və cənub bölgələrində erkən evliliyə meyl daha çoxdur.

Sual: Bəs müsahibə apardığınız mütəxəssislər çıxış yolunu nədə görür ?

Cavab: Əsas çatışmazlıq dediyim kimi maarifsizlikdir. Bölgələrdə valideynlərlin işləməyə ehtiyacı var. Onlar bilsələr ki, onların qızlarını hansı faciələr gözləyir, yəqin ki, bu cür işlərdən qismən çəkinərlər. Yəni, onlara demək lazımdır ki, qızı varlı kişiyə ərə versələr belə, boşanma olarsa, qızlara pay düşməyəcək, çünki nikah müqaviləsi bağlanmayıb. Ya da ki, erkən yaşda ərə gedən qızın ana olmağa hazır olmaması haqda onlara məlumat vermək lazımdır. Bir də xüsusi qeyd edim ki, erkən yaşda ərə gedən qızların boşanması hallarına daha çox rast gəlinir və onlar daha çox insan alverinin qurbanı olur.

Sual: Bu istiqamətdə hökumət hansı tədbirləri görür?

Cavab: İki ildən artıqdır ki, qızların nikah yaşının 18-ə çatdırılması məsələsi gündəmdədir. Bu ilin payız sessiyasında Milli Məclisin məsələni müzakirəyə çıxaracağı gözlənilir. Məncə, bu proses daha sürətli aparıla bilərdi. Çünki bu məqam mühüm məqamdır, hazırkı qanunvericilikdə qızların nikah yaşı 17-dir, həkimlər isə bildirirlər ki, 17 yaşında qız ana olmaq üçün cavandır, yaş həddinin 18 -ə qaldırılması daha yaxşı olardı.