28 may-Məmməd Əmin Rəsulzadə və silahdaşlarının ilk türk dövlətini tarix səhnəsinə çıxardığı gün

949-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Ankarada yaradılmış Azərbaycan Kültür Dərnəyi 28 Mayı Rəsulzadənin məzarı başında qeyd edib. Bu haqda Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal AzadlıqRadiosuna müsahibəsində bildirib:

– Bu gün mayın 28-dir. Məmməd Əmin Rəsulzadə və silahdaşlarının ilk türk dövlətini tarix səhnəsinə çıxardığı gündür. Əlbəttə, istəyərdik ki, bütün Azərbaycanda, özəlliklə iqtidar, hakimiyyət başında olanlar Rəsulzadəyə hörmətlə yanaşsınlar. Ancaq görünən odur ki, 28 May qeyd olunsa da, bu tarixi gerçəkləşdirən, milli dövlət quran Rəsulzadə və silahdaşları Azərbaycan hakimiyyətinin gündəmində deyil. Bu da bizi çox kədərləndirir. Ancaq gərək 28 May günündə iqtidar da, müxalifət də əl-ələ verib, Azadlıq meydanına 1 milyon, 2 milyon insanı toplayıb həm Rəsulzadəyə hörmətlərini, həm də Qarabağ məsələsində bir olduqlarını göstərəydilər. Ancaq təəssüf ki, Azərbaycanı idarə edənlərdən bunu gözləmək mümkün deyil.

– Hazırda rəhbəri olduğunuz Azərbaycan Kültür Dərnəyini 1949-cu ildə Məmməd Əmin Rəsulzadə qurub. Bu dərnək Azərbaycan adına qurulmuş bir dərnəkdir. Azərbaycanla, oradakı Azərbaycan səfirliyi ilə əlaqələriniz necədir?

– Azərbaycan Kültür Dərnəyi 67 ildir fəaliyyət göstərir. Yaranan gündən də Azərbaycan milli mübarizəsinin arxasında duran ən böyük qurumdur. Hələ 1920-ci ildə bolşeviklər Azərbaycanı işğal etdikləri zaman M.Ə.Rəsulzadə qoynunda üçrəngli Azərbaycan bayrağını bura gətirmişdi. O bayraq bizdə idi. 1992-ci ildə Azərbaycan istiqlalına qovuşanda, biz o bayrağı Əbülfəz Elçibəyə verdik. Daha sonra Müsavat Partiyasını yarandığı Azərbaycan torpağına qaytardıq. Burda qalan Azərbaycan Milli Mərkəzidir. Həmin mərkəz bu gün Azərbaycan Kültür Dərnəyinin öhdəsindədir. Əlaqələrə gəldikdə, bütün dünya ilə əlaqələrimiz var. Azərbaycan Kültür Dərnəyi bütün Azərbaycanın ocağıdır. Azərbaycan məsələsini şəxsi məsələ, bir ailə məsələsi halına gətirənlərlə bizim əlaqələrimiz ola bilməz. Bizim səfirliklə hansısa problemlərimiz yoxdur. Amma Azərbaycan səfirliyi də, gərək, bir ailənin, bir xanədanın təmsilçisi deyil, həqiqətən də Azərbaycan dövlətinin və xalqının təmsilçisi ola bilsin. Bu halda yaxşı görüşlər də keçirilər.

– Ankarada fəaliyyət göstərən M.Ə.Rəsulzadə adına liseyin müdiri Hüseyn Qazi Yıldırım AzadlıqRadiosuna müsahibəsində bildirib ki, Azərbaycan Kültür Dərnəyi məktəbdə Rəsulzadə guşəsi yaratmağı söz versə də, vədini yerinə yetirməyib.

– Onlar yəqin keçmişdən xəbərdar deyillər. Bilsəydilər, dərnəyə təşəkkür edərdilər. Həmin məktəbə Rəsulzadənin adını biz – Azərbaycan Kültür Dərnəyi verdirmişik. Orda bir kitabxana açmışıq. Kitablarla da təmin etmişik. Düzdür, bir müddətdir gedib gəlmirik. Ancaq yaxın vaxtlarda məktəblə əlaqələrimiz yenə davam edəcək. Əməkdaşlarımız ora baş çəkəcək, problem varsa, həll olunacaq.

– Azərbaycan Kültür Dərnəyinə Azərbaycandan baş çəkənlər çox olur. Bəs, dövlət rəsmilərindən necə, indiyə qədər Əbülfəz Elçibəydən başqa sizin dərnəyinizə gələnlər olubmu?

– Azərbaycan Kültür Dərnəyinə Ayaz Mütəllibov gəlmişdi. Gəldi, oturdu, danışdıq. Sonrakı illərdə, əlbəttə, Elçibəy gəldi. M.Ə.Rəsulzadə Azərbaycan dövlətinin ilk qurucusu, ilk dövlət başçısıdır. Onu gəlib ziyarət etməyənlərin bizim gözümüzdə də yeri yoxdur.

– 2008-ci ildə İlham Əliyevi də dəvət etmişdiniz...

– Bəli, 7-8 il əvvəl Rəsulzadənin xatirə məzarını yenidən hazırlayanda İlham Əliyevə məktub göndərdik. Məktubda yazmışdıq ki, «buyurun, gəlin, M.Ə.Rəsulzadə sizin şərəfli tarixinizin bir səhifəsidir, dövlətinizin qurucusudur. Gəlin, xanımınızla qonağımız olub, abidənin açılışını edin». Ancaq özü gəlmədi, başqa dövlət rəsmilərindən gələn oldu. Burda açılışda oldular. Həmin gün Rəsulzadənin qəbri müxalifəti də, iqtidarı da birləşdirdi. Bundan başqa gəlib gedən olmayıb. Yəqin M.Ə.Rəsulzadənin məzarının yerini bilmirlər, bəlkə də tapmayıblar. Hər halda, ona görə ziyarət etməyiblər (istehzailə söyləyir).

– Siz Rəsulzadənin silahdaşlarındansınız. Onunla şəxsi ünsiyyətiniz olubmu?

– O dövrdə gənc idim, tələbəydim. «M.Ə.Rəsulzadə ilə oturub qarşılıqlı söhbət eləmişəm, danışmışam» desəm, səhv edərəm. Ancaq onu tanımaq imkanım olub. Görüşlərində iştirak eləmişəm. Söhbətlərini dinləmişəm. Bir-birimizi tanımışıq.

– Bir neçə il əvvəl M.Ə.Rəsulzadənin məzarının Bakıya gətirilməsindən çox danışılırdı. Ancaq indi buna toxunan yoxdur.

– M.Ə.Rəsulzadənin məzarını ziyarət eləməkdən qorxanlar onun məzarını Azərbaycana aparıb neyləyəcəklər ki? Azərbaycanda Rəsulzadənin adına nə iş görülür? Adamın doğulub böyüdüyü evi də başqasına veriblər. Yəni, hansı statusla aparacaqlar ki? Adam burda rahat uyuyur. Ona bir heykəl qoymaqdan qorxurlar, məzarını aparıb neyləyəcəklər? Adı olan universitetdən də adını götürdülər, bundan da qorxdular. Ciddi olsalar, parlament yığışıb iki maddəlik bir qanun qəbul edər. Həmin qanunda da göstərərlər ki, M.Ə.Rəsulzadə Azərbaycan milli dövlətinin qurucusudur, Azərbaycan dövlətinin ilk prezidentidir. Bu status verilsə, ondan sonra danışmaq olar. Hamı bilsin ki, bütün Azərbaycan xalqının gedəcəyi yol Rəsulzadə yoludur. Bu, heysiyyətli, şərəfli yoldur. Oğruların, soyğunçuların, saxtakarların yolu deyil.