BMT bu il üçün Ukraynaya 4,2 milyard dollarlıq humanitar yardım istəyib

Birləşmiş Millətlər Təşkilatı Rusiyanın əsassız təcavüzünün iki ilə yaxınlaşdığı bir vaxt və müharibədən zərər çəkmiş ölkədəki ukraynalılara, eləcə də xaricdəki sığınanlara humanitar yardım göstərmək üçün donorlardan 4,2 milyard dollar istəyib.

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) yanvarın 15-də Cenevrədə bildirib ki, bu il ölkə daxilindəki 14,6 milyondan çox ukraynalının, yəni ölkənin ümumi əhalisinin 40 faizinin humanitar yardıma ehtiyacı var.

OCHA 2024-cü il üçün Humanitar Ehtiyaclar və Cavab Planını təqdim edərkən "Bundan əlavə, müharibə təxminən 6,3 milyon ukraynalını xaricdə sığınacaq tapmağa məcbur edib və keçən ilin sonuna olan məlumata görə, Avropada Ukraynadan olan 5,9 milyon qaçqın qeydə alınıb" - deyə, bildirib.

OCHA-nın rəhbəri Martin Qriffits"Əsas ehtiyaclarından məhrum olan icmalarda yüz minlərlə uşaq cəbhə xəttində qorxu içərisində, travma alaraq yaşayır. Təkcə bu fakt bizi Ukraynaya daha çox humanitar yardım çatdırmaq üçün əlimizdən gələni etməyə məcbur etməlidir" deyib.

Ukrayna ilin əvvəlindən bəri Rusiyanın hava hücumlarının xüsusilə intensiv kampaniyasına məruz qalıb və bu, qeyri-adi sərt soyuq hava şəraiyində Ukraynanın mülki əhalisi üçün əlavə çətinliklər deməkdir.

"Cəbhə xəttində yerləşən şəhər və kəndlərdəki insanların cüzi resursları tükənib və sağ qalmaq üçün onların yardıma ehtiyacları var" deyə, OCHA bildirib.

"Donetsk və Xarkiv vilayətlərində ailələr su, qaz və elektrik xətləri olmayan xəsarət almış evlərə sığınıb. Davamlı bombardmanlar insanları günlərini zirzəmilərdə keçirməyə vadar edir" bəyanatsa deyilib.

BMT-nin yardım agentliyi bildirib ki, 3,1 milyard dollar və ya ümumi məbləğin 75 faizi Ukrayna daxilində 8,5 milyon insanı dəstəkləmək üçün, qalan 1,1 milyard dollar isə qaçqınların və bu ölkələrdə yaşayan icmaların ehtiyaclarını ödəmək üçün ayrılacaq.