ABŞ-ın BMT-dəki səfiri: Rusiyanın hərəkətləri beynəlxalq sülhə təhdiddir

Rusiyanın Ukraynaya təhlükəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclası çağırılıb.

BMT Təhlükəsizlik Şurası Ukrayna sərhədləri yaxınlığında rus qoşunlarının artırılması və Moskvanın ölkəyə qarşı təhdid xarakterli hərəkətlərini müzakirə etmək üçün bazar ertəsi iclas təyin edib. İclas ABŞ-ın təşəbbüsü ilə çağırılıb.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild vurğulayıb ki, Avropada mövcud vəziyyət təhlükəlidir və Rusiyanın aqressiv, sabitliyi pozan davranışının yaratdığı risklərlə əlaqədar təcili cavab tədbirləri tələb edir. O, Təhlükəsizlik Şurasının üzvlərini təkcə Moskvanın bəyanatlarını deyil, həm də onun hərəkətlərini nəzərə almağa çağırıb.

Tomas-Qrinfild də Rusiyanın münaqişə deyil, diplomatiya yolunu seçəcəyinə ümid etdiyini bildirib.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurası üzvlərini iclasın keçirilməsinin əleyhinə səs verməyə çağıraraq, bu təşəbbüsü “meqafon diplomatiyası” və Rusiyanın daxili işlərinə müdaxilə adlandırıb.

İclasın keçirilməsinin qarşısını almaq üçün qurumun on beş üzvündən doqquzunun dəstəyi lazımdır.

İclasın əvvəlində Şura BMT-nin yüksək səviyyəli nümayəndəsinin məlumatını dinləyəcəyi gözlənilir, bundan sonra Təhlükəsizlik Şurasının bütün 15 üzvü, o cümlədən Rusiya, ABŞ və Şuranın Avropa üzvləri: Fransa, İrlandiya, Böyük Britaniya və Albaniya açıqlamalar verəcək. Şuranın qaydalarına əsasən, Ukrayna nümayəndəsinə də söz veriləcək.

Tomas-Qrinfild qarşıdan gələn iclası elan edərkən vurğulayıb ki, Rusiyanın hərəkətləri “beynəlxalq sülh və təhlükəsizliyə, BMT Nizamnaməsinə açıq təhdiddir”.

Şura üzvləri "faktları diqqətlə araşdırmalı və Rusiyanın Ukraynaya növbəti müdaxiləsi halında Ukrayna, Rusiya, Avropa üçün təhlükənin nə olduğunu və beynəlxalq nizamın əsas öhdəlikləri və prinsiplərini nəzərdən keçirməlidir" - deyə, o bildirib.