BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı təcili iclas keçirəcək

Rusiyanın azı 37 nəfərin ölümünə və 170-dən çox insanın yaralanmasına səbəb olan raket hücumundan sonra Ukrayna çərşənbə axşamı matəm elan edib, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası isə fövqəladə iclas keçirməyə hazırlaşır.

Çox sayda şəhərə edilən hücumlardakı hədəflər arasında Kyivdəki uşaq xəstəxanası da var idi. Şəhərin meri Vitali Kliçko bunun bütün müharibə boyu ən böyük hücum olaraq təsvir edib.

Ukrayna prezidenti Volodimir Zelenski "Rusiya terrorçuları buna görə cavab verməlidir" deyib.

“Sadəcə narahatlıq terroru dayandırmır. Başsağlığı silah deyil. Biz Rusiya raketlərini vurmalıyıq. Rusiya döyüş təyyarələri yerləşdikləri yerdə məhv edilməlidir. Hər hansı təhlükəsizlik bo.luğunu aradan qaldırmaq üçün güclü addımlar atılmalıdır,” Zelenski bildirib.

Çərşənbə axşamı Vaşinqtonda NATO liderlərinin sammitini açan Zelenski dünyanın Ukraynanı ehtiyacı olanlarla təmin etmək qabiliyyətinə malik olduğunu və bu cür qərarların “mümkün qədər tez alınmasının” gərək olduğunu deyib.

ABŞ prezidenti Co Bayden raket zərbələrinin “Rusiyanın qəddarlığının dəhşətli xatırlatması” olduğunu deyib və ABŞ-ın Ukraynaya “sarsılmaz” dəstəyini vəd edib.

“Müttəfiqlərimizlə birlikdə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək, onların şəhərlərini və mülki əhalisini Rusiyanın zərbələrindən qorumaq üçün yeni tədbirlər elan edəcəyik. Birləşmiş Ştatlar Ukrayna xalqının yanındadır,” Bayden bazar ertəsi verdiyi bəyanatda bildirib.

Ukrayna Rusiyanın gündəlik hücumlarına qarşı hava hücumundan müdafiə sistemini təkmilləşdirmək üçün müttəfiqlərindən yardım istəyib və Ukraynanı silahla təmin edənlərdən Rusiya daxilindəki hərbi hədəflərə zərbələr endirmək üçün dəfələrlə icazə vermələrinə çağırıb.

Bazar ertəsi jurnalistlərlə keçilən brifinqdə Pentaqon ayrı-ayrı ölkələrin öz şərtlərini müəyyən etmək imkanına malik olduğunu, lakin ABŞ-ın siyasətinin dəyişmədiyini və öz silahlarından Ukraynanın Rusiyaya yaxın olmayan ərazilərindən Ukraynanı vuran hədəflərə zərbə endirməsinə icazə verdiyini bir daha təkrarlayıb.

“Biz bilirik ki, Ukraynaya hücum etmək üçün Rusiyanın daxilindən istifadə etdiyi imkanlar var. Bizim diqqətimiz Ukraynanı özünü müdafiə etmək və suverenliyini qorumaq üçün lazım olan imkanlarla təmin etməyə yönəlib. Ona görə də hazırda sizə məlumat üçün heç bir dəyişiklik yoxdur,” Pentaqonun mətbuat katibi, general-mayor Pat Rayder Amerikanın Səsinin sualına cavab verərəkən deyib.

BMT-nin sözçüsü Stefan Dujarrik BMT Baş katibi Antonio Quterreşin Rusiyanın bazar ertəsi törətdiyi hücumları pislədiyini, Kyiv xəstəxanasına və Dneprovski rayonundakı digər tibb müəssisəsinə endirilən zərbələri “xüsusilə dəhşətli” adlandırdığını bildirib.

"Beynəlxalq humanitar qanun mülki əhaliyə və mülki obyektlərə qarşı hücumların istiqamətləndirilməsinə qadağa qoyur və bu cür hücumlar qəbuledilməzdir və dərhal dayandırılmalıdır" Dujarrik deyib.

Rusiya Müdafiə Nazirliyi zərbələrin Ukraynanın müdafiə zavodlarını və hərbi hava bazalarını hədəf aldığını və uğurlu olduğunu bildirib. Nazirlik hər hansı mülki obyektin hədəf alındığını rədd edib və sübut olmadan Kyivdən alınan şəkillərin zərərin Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələrinə məxsus raket tərəfindən vurulduğunu göstərdiyini iddia edib.

Rusiya Müdafiə Nazirliyi çərşənbə axşamı Belqorod, Kursk, Voronej, Rostov və Həştərxan vilayətləri üzərində Ukraynaya məxsus 38 pilotsuz uçuş aparatınin vurulduğunu bildirib.

Rostov vilayətinin qubernatoru Vasili Qolubev Telegram kanalında bildirib ki, hücum nəticəsində elektrik yarım-stansiyasında yanğın baş verib, Rostov səmasında 21 pilotsuz təyyarə vurulub.

Qubernator Vyaçeslav Qladkov çərşənbə axşamı Telegram kanalında keçən bir gün ərzində Ukrayna hücumlarının Belqorodda 4 nəfərin ölümünə səbəb olduğunu bildirib.