Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası İsrailin İrana qarşı cavab zərbələrindən sonra Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün bazar ertəsi fövqəladə iclas keçirməyə hazırlaşır.
Şuranın sədri İsveçrə İranın bu görüşü Əlcəzair, Çin, və Rusiyanın dəstəyi ilə tələb etdiyini bildirib.
İranın xarici işlər naziri Abbas Əraqçi şənbə günü 15 üzvdən ibarət Şuraya məktubunda "İsrail rejiminin addımları beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdiddir və onsuz da kövrək olan regionu daha da sabitsizləşdirir" deyib.
İsrail təyyarələri şənbə günü sübh saatlarında həyata keçirdiyi hücum zamanı İranın bir neçə raket zavodunu hədəf alıb. Bu, İsrailin Qəzza zolağında və Livanda İranın dəstəklədiyi HƏMAS və Hizbullah-la müharibələri fonunda İranın İsrailə 200-ə yaxın ballistik raket atmasından bir neçə həftə sonra baş verib.
İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyi İsrailin zərbələri "nə şişirdilməli, nə də önəmi azaldılmalıdır" desə də, qisas almağa çağırmayıb. Bu, İsrailin qatı düşməninə ilk açıq hücumu olub.
İsrailin baş naziri Benyamin Netanyahu bazar günü hücumların İranın müdafiə və raket istehsal etmək qabiliyyətinə zərər vurmaqla, İsrailin məqsədlərinə çatdığını deyib.
Bazar ertəsi şuranın iclasından əvvəl İraq BMT-yə İsrailin İrana qarşı hücumunda İraqın hava məkanından istifadə etməsindən şikayətlənib.
İraq hökumətinin sözçüsü məktubda İsrailin İraqın hava məkanını və suverenliyini pozmasının pisləndiyini bildirib.
İsrail qüvvələri bazar ertəsi Livanın cənubuna yeni hava zərbələri endirib. Səhiyyə rəsmilərinin bildirdiyinə görə, Tir şəhərində azı beş nəfər ölüb.