İsveçrə bazar ertəsi Cenevrədə 120-dən çox silahlı münaqişə ilə xarakterizə olunan qlobal vəziyyəti "narahatedici" olaraq təsvir edərək, beynəlxalq humanitar hüquqa sadiqliyini təsdiqləmək məqsədilə keçirilən iclasda BMT Təhlükəsizlik Şurasının üzvlərini qəbul edib. Rusiya toplantıda iştirak etməyən yeganə üzv olub.
15 üzvdən biri olan İsveçrə müharibə vəhşiliklərinin qarşısını almaq üçün 75 il əvvəl, İkinci Dünya Müharibəsindən sonra Cenevrə Konvensiyalarının imzalanması münasibətilə qeyri-rəsmi toplantı təşkil edib.
"Mən sizi Cenevrə Konvensiyalarına hörməti əsas siyasi prioritet səviyyəsinə qaldırmağa çağırıram", İsveçrənin xarici işlər naziri İqnasio Kassis BMT Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü daxil olmaqla, bir sıra ölkələrin nümayəndələrinin iştirak etdiyi iclasda deyib.
Rusiyanın iştirak etməməsi ilə bağlı suala o, bütün üzvlərin beynəlxalq humanitar hüquq haqqında kollektiv şəkildə düşünməyə dəvət edildiyini, lakin iştirakın məcburi olmadığını deyib.
Rusiyanın Nyu Yorkdakı nümayəndəsi görüşü "vaxt itkisi" kimi qiymətləndirib.
"Biz hesab edirik ki, Təhlükəsizlik Şurası Avropanı gəzməkdən daha vacib məsələlərə diqqət yetirməlidir", Rusiyanın Nyu-Yorkdakı daimi nümayəndəsinin müavini Dmitri Polyanski Cenevrədəki diplomatik missiyaya göndərdiyi mesajda deyib.
Rusiya Birləşmiş Ştatlar, Fransa, Britaniya və Çinlə yanaşı daha geniş Təhlükəsizlik Şurasında daimi yer tutan 5 üzvdən biridir.
Həmin görüşdə Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Mirjana Spolyariç Qəzza münaqişəsinə, eləcə də Ukraynaya istinad edərək, Cenevrə Konvensiyalarının "təzyiq altında" olduğunu deyib. Rusiya bazar ertəsi Ukraynaya 100-dən çox raket və 100-ə yaxın pilotsuz təyyarə ilə hücum edib. Nəticədə azı 5 nəfər ölüb və enerji obyektlərinə zərər dəyib.