BMT ekspertləri bazar ertəsi İranda keçən ay edamların sayının kəskin artaraq, ilin əvvəlindən ölkədə 400-dən çox edam halı ilə bağlı dərin narahatlarını bildiriblər.
Birləşmiş Millətlər Təşkilatının 11 müstəqil insan haqları ekspertindən ibarət qrupun bəyanatında deyilib ki, təkcə avqust ayında İranda azı 81 nəfər edam edilib ki, bu da iyul ayında bildirilən 45-dən xeyli çoxdur.
Onların bildirdiyinə görə, 2024-cü ilin əvvəlindən bəri 15-i qadın olmaqla, edam edilənlərin sayı 400-ü keçib.
"Biz edamların kəskin şəkildə artımından dərin narahatıq" - deyə, BMT-nin İnsan Haqları Şurası tərəfindən təyin edilmiş, lakin Birləşmiş Millətlər Təşkilatı adından danışmayan ekspertlər bildirib.
Amnesty İnternational da daxil olmaqla, insan haqları qruplarına görə, Çindən istisna olmaqla, İran hər il hər hansı digər ölkədən daha çox edam icra edir.
BMT ekspertləri, o cümlədən İranda insan haqlarının vəziyyəti və məhkəmədənkənar və özbaşına edamlar üzrə xüsusi məruzəçilər bildiriblər ki, keçən ay icra edilən edamlardan 41-i narkotiklə bağlı cinayətlərə görə məhkum edilmiş şəxslərə ain olub.
"Narkotik maddə cinayətlərinə görə edamlar beynəlxalq standartları pozur", qrup bildirib.
Ekspertlər 2021-ci ildən bəri İranda narkotik maddə cinayətlərinə görə edamların əhəmiyyətli dərəcədə artmasından, təkcə keçən il narkotik maddə ilə bağlı 400-dən çox edamın icra edilməsindən təəssüfləndiklərini bildiriblər.
Onlar həmçinin bildiriblər ki, İranda ölüm hökmü ilə bağlı məhkəmələrin çox vaxt lazımi hüquqi prosesə cavab vermədiyini göstərən məlumatlar alıblar.
Onlar "Qadın, Həyat, Azadlıq" şüarlarını qaldırdığı etirazlar zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun üzvünü öldürdüyünə görə avqustun 6-da edam edilən kürd mənşəli etirazçı Rza Rəsainin işinə işarə ediblər.
Ekspertlər bildiriblər ki, onun məhkum edilməsi işgəncə yolu ilə əldə edildiyi ehtimal edilən etiraf və digər müttəhimlərin onun qətldə əli olduğu ilə banğlı ifadələrini geri götürməsi və məhkəmə-tibbi ekspertizanın onun cinayətdə iştirakını şübhə altına alan dəlillərinə baxmayaraq əsaslandırılıb.
"Ədalətli məhkəmə araşdırması və lazımi hüquqi prosesin ciddi şəkildə pozulması ilə bağlı məlumatlar o deməkdir ki, hazırda İran İslam Respublikasında tətbiq edilən ölüm hökmü qeyri-qanuni edam deməkdir", ekspertlər bildirib.
Ekspertlər "günahsız insanların edam oluna biləcəyindən son dərəcə narahat olduqlarını" bildirib və edamlara son qoyulmasına çağırıb.