BMT: Rusiyanın Ukraynaya qarşı təcavüzünün nəticələri nəsillər boyu hiss olunacaq

Volker Turk

BMT-nin İnsan Haqları üzrə ali komissarı Volker Turk Rusiyanın Ukraynaya qarşı müharibəsinin dəhşətli insan tələfatına və milyonlarla insanın iztirabına səbəb olduğunu deyib. O, bu açıqlamanı cümə axşamı Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzünün ikinci ildönümü ərəfəsində verib.

Müharibənin vurduğu zərərin nəsillər boyu hiss olunacağını vurğulayan Turk bir daha Moskvanı müharibəni dərhal dayandırmağa çağırıb.

Turk "Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı təcavüzü milyonlarla mülki insanın böyük iztirablarına səbəb olub, dəhşətli insan itkisi ilə nəticələnib. Rusiyanın Ukraynaya genişmiqyaslı silahlı hücumunun artıq üçüncü ildir sonu görünmür. Ciddi və geniş yayılmış insan haqları pozuntuları ilə nəticələnir, həyat və dolanışıq vasitələri məhv edilir" deyib.

Turk münaqişə zamanı törədilmiş bütün cinayətlərin hərtərəfli və müstəqil şəkildə araşdırılmasına çağırıb və qurbanların təzminat almasının gərək olduğunu bildirib.

O, milyonlarla ukraynalının didərgin düşdüyünü, minlərlə ukraynalının evlərini itirdiyini, yüzlərlə xəstəxana və məktəbin zədələndiyini və ya tamamilə dağıldığını xatırladıb.

"Ukraynadakı bu müharibənin uzunmüddətli nəticələrini bir çox nəsil hiss edəcək", BMT-nin İnsan Haqları üzrə ali komissarı bildirib.

Turkun ofisinin bildirdiyinə görə, son iki il ərzində "Rusiya hərbi qüvvələri tərəfindən mülki şəxslərə qarşı geniş yayılmış işgəncələr, pis rəftar və özbaşına həbslər” həyata keçirilib.

Ofis "İşğal olunmuş ərazilərdə qısamüddətli edamlar, zorla itkin düşmələr, söz və sərbəst toplaşmaq hüququnun boğulması da qeydə alınıb", bildirib.

BMT-nin İnsan Haqları ofisi "Rusiya qoşunları tərəfindən törədilənlərdən daha az olsa da", Ukrayna ordusu və təhlükəsizlik qüvvələrinin də törətdiyi pozuntuları sənədləşdirdiyini bildirib.

BMT-nin Ukraynadakı İnsan Haqları Təşkilatı son hesabatında 2022-ci il fevralın 22-dən bəri münaqişə nəticəsində 10 582 mülki şəxsin öldüyünü təsdiqlədiyini bildirib.

Daha 19 875 mülki vətəndaşın yaralandığı bildirilir.

"Həqiqi rəqəmlər çox güman ki, xeyli yüksəkdir" deyilib hesabatda.

587 uşağın öldüyü, 1298 uşağın yaralandığı deyilib.