Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkoya COVİD-19 diaqnozu qoyulub

Arxiv fotosu - Ukraynanın keçmiş baş naziri və prezident seçkilərində namizəd Yuliya Timoşenko Kiyevdə mətbuat konfransında danışır, 22 fevral, 2019.

Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkoya COVID-19 diaqnozu qoyulduğu və vəziyyətinin ağır olduğu bildirilir. Bu haqda məlumatı bazar günü onun partiyasının nümayəndəsi verib.

2010-cu il prezident seçkilərində məğlub olduqdan əvvəl iki dəfə baş nazir vəzifəsini icra edən 59 yaşlı Timoşenko koronavirusa yoluxduğu məlum olan ilk yüksək səviyyəli Ukrayna siyasətçisidir.

Ukrayna parlamentinin üzvləri iyul ayının ortalarından etibarən məzuniyyətdədir.

“Onun vəziyyəti ağır kimi qiymətləndirilir. Temperaturu 39 dərəcədir”, "Batkivşina" partiyasının nümayəndəsi bildirib. O, Timoşenkonun xəstəxanaya yerləşdirilib-yerləşdirilməməsi haqda məlumat verməyib.

Ukraynada bu həftə koronavirusa yoluxma hallarında kəskin artım müşahidə edilib. Şənbə günü 2288 yeni yoluxma halı qeyd edilib. Xəstəliyə yoluxanların ümumi sayı 104 958 nəfərə çatıb, ölənlərin sayı isə 2271 nəfərdir.

Timoşenko 2004-cü ildə Ukraynada məhkəmənin seçki nəticələrinin Moskva tərəfdarı rəqibinin xeyrinə saxlaşdırıldığı qərarından sonra Qərbyönlü lider Viktor Yuşşenkonun prezident kimi tanındığı Narıncı İnqilabın liderlərindən biri kimi tanınır.

Timoşenko Yuşşenkonun hakimiyyəti dövründə iki dəfə baş nazir vəzifəsini icra edib.

O, 2010-cu ildə prezidentliyə namizədliyini irəli sürüb, lakin Rusiya tərəfindən dəstəklənən Viktor Yanukoviçə məğlub olub. 2011-ci ildə Timoşenko vəzifəsindən sui-istifadə ittihamı ilə 7 il həbs cəzasına məhkum edilib. O bu ittihamların siyasi motiv daşıdığını bildirib.

Timoşenko 2014-cü ildə Ukraynanı Avropa İttifaqı və Birləşmiş Ştatlarla daha yaxın əlaqələrə aparan və Moskvanın təsirindən uzaqlaşdıran istiqamətə yönəldən xalq üsyanı nəticəsində Yanukoviçin hakimiyyətdən devrildiyi zaman həbsdən azad edilib.