Ukraynanın hakim koalisiyası dağıldı

Xalq Cəbhəsi partiyası və prezident Petro Poroşenkonun fraksiyasını təmsil edən qanunvericilər Kiyevdə parlament sessiyasında iştirak edir. 16 may, 2019.

Ukraynanın hakim koalisiyası cümə günü Xalq Cəbhəsi partiyası hakimiyyətdən gedən prezident Petro Poroşenkonun fraksiyasından ayrılandan sonra dağılıb. Bu isə yaxında vəzifəsinin icrasına başlayacaq prezident Volodimir Zelenskinin növbədənkənar seçkinin keçirilməsinə çağırış etməsinə yol aça bilər.

“Biz hazırkı koalisiyadan ayrıldığımızı, koalisiyanın fəaliyyətini dayandırdığını və yeni gündəmlə yeni koalisiya yaratmaq təşəbbüsünü elan edirik” - deyə, Xalq Cəbhəsinin lideri Maksim Burbak parlamentə bildirib.

Parlamentin yeni koalisiya yaratmaq üçün bir ay vaxtı var, əks təqdirdə prezident parlamenti ləğv edib, növbədənkənar seçkinin keçirilməsinə çağıra bilər.

Zelenski ötən ay seçkidə böyük səs fərqi ilə Poroşenkoya qalib gəlib, lakin onun yeni təsis olunan partiyası parlamentdə təmsil olunmur.

Növbədənkənar seçki böyük ehtimalla xalq arasında populyar olan və mənsub olduğu partiyanın seçkidə qalib gələcəyi gözlənilən Zelenskinin xeyrinə olacaq.

Daha öncə heç bir siyasi təcrübəsi olmayan komediyaçı Zelenski bazar ertəsi inaqurasiya olunacaq.

Spiker Andriy Parubiy parlamentə bildirib ki, koalisiya fəaliyyətini dayandırıb və deyib ki, “bu gündən etibarən bir ay ərzində…yeni koalisiya yaranmalıdır”.