Ukraynalıların rus təbliğatına qarşı qeyri-adi mübarizəsi [Video]

misinformation

Yuxarıdakı foto Rusiyanın politikus.ru veb səhifələrində yayıldıqdan sonra sosial şəbəkələrdə sürətlə yayılmağa başlayıb. Veb səhifə bu fotonu belə təqdim edib: Ukraynanın Slovyansk şəhərində öldürülən insanların cəsədləri ilə dolmuş morq.

Ancaq təqdimatın kiçik bir düzəlişə ehtiyacı var. Bu foto 5 il əvvəl Associated Press agentliyinin foto-müxbiri tərəfindən Meksikanın Ciudad Huarez şəhərində qeydə alınıb. O zaman reportyor şəhərdə narkotik kartellərinə qarşı müharibəni işıqlandırırdı.

www.niemanlab.org-un məlumatına görə, təxminən 3 ay əvvəl Ukraynadakı böhranla bağlı yayılan yanlış məlumatlardan məyus olan ukraynalı bəzi akademiklər, jurnalistlər və könüllülər Kiyevdə yeni StopFake.org veb səhifəsini açıblar. “Evdə oturub Twitter və Facebook-a baxırdım, amma orada nə baş verdiyini anlaya bilmirdim” – deyə Milli Kiyev Mohila Akademiyasının Jurnalistika proqramının dikretoru Yevhen Fedçenko bildirir.

Mohila Akademiyasının tələbə və məzunlarının Facebook səhifəsində post yazan Fedçenko daha sonra yanlış informasiya ilə mübarizə barədə fikir mübadiləsi aparmaq üçün bir grup insanla bir araya gəlib. “Deyilən hər bir şey Rusiya təbliğatı ilə bağlı idi – dövlətin idarə etdiyi, çox aqressiv, çox primitiv və eyni zamanda çox effektiv” –deyə, Fedçenko bildirir.

Tələbə Olqa Yurkova StopFake ideyasını irəli sürəndən sonra layihə iki dildə - Rus və İngilis dillərində fəaliyyətə başlayıb. Layihənin başlıca hədəfi məlumatı əsasən Rusiya televiziyalarından və Qərb jurnalistlərindən əldə edən Ukraynanın şərqindəki rus dilli əhalidir.

StopFake veb səhifəsinin yuxarısındakı “Report A Fake” (Saxta məlumat barədə xəbər ver) düyməsi istifadəçilərin diqqətini cəlb edib. Fedçenko deyir ki, bu bölmə Rusiyanın regional və İngilis-dilli media orqanlarında yayımlanan 8 saxta məlumatın aşkar edilməsinə kömək olub.

Bu gün – saytın fəaliyyətə başlamasında 3 ay sonra veb səhifənin auditoriyası ağlasığmaz dərəcədə böyüyüb. Belə ki, Google Analytics statistikasına əsasən sayta aylıq yeni girişləri sayı 1.5 milyon istifadəçidən çoxdur. Səhifənin sosial şəbəkələrdən izləyiciləri isə 60 min nəfərə yaxındır.