Ukraynada prezident seçkisi günüdür

Ukraynada prezident seçkisində səsvermə ölkənin əsas etibarilə rusdilli əhalinin yaşadığı şərqində zorakılıqlar və Rusiyanın Krımı ilhaq etməsindən sonra yaranmış şəraitdə keçir.

Seçki məntəqələrinə girişi bağlayan Rusiya tərəfdarı silahlı separatçıların nəzarətində olan şərq regionlarında səsvermədə az adam iştirak edir.

Seçki rəsmiləri seçici fəallığının daha yüksək olacağına ümid bəsləyir, lakin Donetsk regioununda seçki məntəqəsinə seçicilərin yalnız 16 faizi gələ bilib. Regionun 1 milyon əhalisi olan əsas şəhərində heç bir seçki məntəqəsi açılmayıb.

Ukrayna prezidenti olmaq üçün 21 namizəd rəqabət aparır.

Rəy sorğuları milyardçı iş adamı Petro Poroşenkonun irəlidə olduğunu, lakin böyük əksəriyyət toplamaq üçün kifayət qədər səs ala bilməyəcəyini və seçkilərin ikinci turunun keçirilməsinin lazım olacağını göstərir. Poroşenkonun prezident seçkisində əsas rəbiqi hakimiyyətdən devrilmiş prezident Viktor Yanukoviç dövrü həbs edilmiş və onun ölkəni tərk etməsindən bir gün sonra azad edilmiş keçmiş baş nazir Yuliya Timoşenkodur.

Ukraynanın şərqində onlarla şəhər artıq bir neçə həftədir Rusiya tərəfdarı silahlı separatçıların nəzarəti altındadır. “Seçicilər liqası”nın başçısı Donetks və Luqansk regionlarında elektoratın üçdə birindən çox hissəsinin səsvermədə iştirak edəcəyinə şübhə etdiyini bildirib. Ukraynanın Daxili işlər nazirliyi şənbə günü bildirib ki, Rusiya ilə sərhəd bölgələrdə 34 səsvermə məntəqəsindən 20-də səsvermə çox güman baş tutmayacaq.