Ukraynanın şərqində atışmalar haqda xəbərlər verilir

Ukraynanın şərqində zorakılıqlar və ağır silah daşıyan zirehli texnikanın hərəkətinə dair yeni xəbərlər Kiyev və Rusiyanın dəstəklədiyi separatçılar arasında sentyabr ayında əldə edilmiş kövrək atəşkəsin davamlılığı ilə bağlı şübhələrin artmasına səbəb olub.

Donetsk şəhərinin yerli administrasiyası separatçıların şəhərin şimal tərəfində atəş açması nəticəsində üç mülki vətəndaş və Ukrayna ordusunun üç əsgərinin həlak olduğunu, yeddi adamın yaralandığını bildirib.

Separatçıların nəzarətində olan şəhər bazar günü ağır bombardmana məruz qalmışdı. Donetskin özündə olan Röyters xəbər agentlyinin jurnalistləri atışmanın oktyabr ayında baş verən bütün atışmalardan daha güclü olduğu haqda xəbər veriblər.

Tərəflər mülki əhalinin yaşadığı ərazilərin atəşə tutulmasında bir-birini ittiham edir.

Qərb jurnalistləri bazar ertəsi günü azı altı tankın daxil olduğu ağır zirehli texnikanın Donetsk istiqamətində hərəkət etdiyini haqda məlumat veriblər.

ATƏT müşahidəçiləri separatçıların nəzarəti altında olan Ukraynanın şərq bölgəsində ağır silahlar və tanklardan ibarət hərbi konvoyu gördükdən sonra narahatlıqlarını ifadə ediblər. Keçən həftənin cümə günü rəsmi Kiyev Moskva hökumətini Rusiya tərəfdarı üsyaçılara dəstək məqsədilə 30-dan çox tank və yük göndərməkdə ittiham edib.

Almaniyanın Xarici İşlər naziri Frank-Valter Ştaymeyer bu gün Qazaxıstana səfəri zamanı Ukraynanın şərqində vəziyyətin yenidən ciddiləşdiyini bildirib və Rusiya da daxil olmaqla münaqişənin bütün tərəflərinin atəşkəsə hörmət etməyə çağırıb.