Ukrayna separatçıları atəşkəsin şərtlərinə uyğun olaraq cəbhə xəttindən ağır silahların çıxarıldığını bildirib.
Üsyançıların komandiri Eduard Basurun silahların geri çəkilməsinə yerli vaxtla səhər saat 9-da başlandığını desə də, bu addım müstəqil mənbələr tərəfindən təsdiq edilməyib.
Ukraynanın ordu rəsmiləri isə döyüşlərə ara verilmədiyi üçün ön cəbhədən silahları geri çəkməyəcəyini bəyan edib.
Rəsmi Kiyev üsyançıların Mariupol və Debalstsevo yaxınlığında hücumları davam etdirdiyini bildirir.
Zorakılıqlar fevralın 15-də qüvvəyə minən atəşkəs razılığının döyüşlərə son qoyacağını şübhə altına alır. Son 10 ay ərzində qarşıdurmalar səbəbi ilə 5600 insan həlak olub.
Bu gün atəşkəsi monitorinq edən ATƏT nümayəndələri BMT-nin Təhlükəsizlik Şurasında ifadə verməlidir.
Eyni zamanda, Ukrayna, Rusiya, Almaniya və Fransanın xarici işlər nazirləri atəşkəslə bağlı görüş keçirir.