Təhlil: Ukraynanın gələcəyi uğrunda müharibə davam edir

Rusiya və Avropa İttifaqı arasında Ukraynanın gələcəyi uğrunda müharibə davam edir. Ukraynanı təsir dairəsində saxlamaq üçün Rusiya böyük bir addım atıb. Rusiya prezidenti Vladimir Putin qaz qiymətlərinə 15 milyard dollarlıq endirim təklif edib.
Rusiyanın dövlət başçısı bu təklifi Ukrayna prezienti Viktor Yanukoviçə Ukraynanı Avropa İttifaqına üzvlük istiqamətindən yayındırmaq üçün edib.

Kremldə keçirilən görüş zamanı Putin Ukraynaya verilən qazın kəsilməsinə dair xəbərdarlığını şərtlərlə aradan qaldırala biləcəyini deyib. O bildirib ki, bu, qısamüddətli bir razılıqdır, lakin gələcəkdə uzunmüddətli razılıq imzalanmalıdır.

Ukrayna prezidenti bu yardımı hansı şərtlər altında qəbul etdiyini bildirməyib. Lakin o, vətənində genişmiqyaslı etirazlarla qarşılanacağını yaxşı bilir.

Ukraynanın paytaxtı onsuz da son bir ay ərzində etirazlara səhnə olub. Nümayişçilər Ukraynanın Avropa İttifaqına üzvlük razılığının imzalanmasını tələb edir.

Rusiyanın Ukraynaya yardım edəcəyi barədə məlumatın yayılmasından sonra Ukraynanın müxlaifət lideri Arseniy Yatsenyuk meydanda nümayişçilərə üz tutaraq bildirib ki, prezidentin Putinin Gömrük İttifaqına qoşulmasına razılıq verməsi onun Moskvaya dönüşsüz bilet alması deməkdir.

Rusiya prezidenti Avrasiya Birliyi yaratmağa çalışır. Avropa İttifaqı isə Ukraynanın hər iki quruma üzv ola bilməyəcəyini deyir.

Millətçi Svoboda partiyasının lideri Oleq Tyaqniboku 15 milyard dollarlıq yardım müqabilində nə kimi təzminatlar verildiyi maraqlandırır.

Rusiya və Ukrayna rəsmiləri isə birgünlük Moskva danışıqları zamanı Gömrük İttifaqına üzvlük məsələsinin müzakirə edilmədiyini iddia edir.