Volodimir Zelenski: Rusiya ilə danışıqlar kifayət qədər mürəkkəb gedir

Ukrayna prezidenti Volodimir Zelenski NBC televiziya kanalına müsahibəsində Rusiya ilə danışıqların çox çətin getdiyini deyib. Onun sözlərinə görə, istənilən “münaqişə danışıqlar masasında dayandırıla bilər”.

"İlk növbədə, danışıqlar davam edir. Onlar kifayət qədər mürəkkəb gedir" deyib Zelenski.

O, Rusiya ilə danışıqlarda Ukrayna üçün prioritet məsələlərin müharibənin başa çatması, Ukrayna üçün təhlükəsizlik təminatları, ölkənin suverenliyi və ərazi bütövlüyünün bərpası olduğunu deyib.

Bundan əvvəl Ukrayna lideri silahlı münaqişənin nizamlanması üzrə danışıqlarda Ukrayna və Rusiyanın mövqelərinin “daha reallaşdığını” bildirmişdi. "Lakin qərarların Ukraynanın maraqlarına uyğun olması üçün hələ də vaxt lazımdır" - deyən prezident teleqram video-müraciətində bunun "çətin, lakin vacib" olduğunu qeyd edib.

Rusiya və Ukrayna nümayəndə heyətləri artıq dörd raund danışıqlar aparıb. İlk üç raund Belarusda, sonuncu isə video ilə keçirilib. Həm Ukrayna, həm də Rusiya nümayəndələri danışıqlarda müəyyən irəliləyiş olduğunu bildirsələr də, detalları açıqlamayıblar.

Ukrayna Prezidenti Aparatı rəhbərinin müşaviri Mixaylo Podolyakın dediyinə görə, Rusiya ilə danışıqlardan sonra prezidentlər Vladimir Putin və Volodimir Zelenski tərəfindən müzakirə ediləcək və imzalanacaq sənədlər hazırlanır.

"Bu müharibəyə son qoymağın yeganə yolu iki prezident arasında birbaşa danışıqlardır. Biz bu sülh danışıqları üzərində işləyirik. Biz prezidentlərin daha sonra müzakirə edib imzalaya biləcəyi sənədlər üzərində işləyirik" - deyə, Podolyak PBS tele-kanalına müsahəsində bildirib. O, verilişdən bir parçanı tvitter səhifəsinə yerləşdirib.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, dövlət başçıları müzakirə üçün deyil, razılaşmalarda düzəlişlər aparmaq üçün görüşməlidirlər.

“Financial Times” bundan əvvəl atəşkəslə 15 bəndlik “sülh planı” üzrə Rusiya-Ukrayna danışıqlarında “əhəmiyyətli irəliləyiş” olduğunu bildirmişdi. Bu plana əsasən Kyiv “bitərəflik” elan etdiyi və silahlı qüvvələrində bəzi məhdudiyyətlərlə razılaşdığı təqdirdə Rusiya atəşkəs elan edəcək və qoşunlarını çıxarılacaq.

Danışıqlarda iştirak edən üç nümayəndənin dediyinə görə, söhbət NATO-ya üzvlükdən imtinadan, həmçinin ABŞ, Britaniya və Türkiyənin xarici hərbi bazalarının Ukrayna ərazisində yerləşdirilməməsi vədindən gedir.