Rusiya Ukrayna ilə sülh danışıqlarında hələ irəliləyiş olmadığını deyir

Rusiya çərşənbə günü bildirib ki, Ukrayna ilə sülh danışıqlarında hələ də irəliləyiş əlaməti yoxdur.

Kremlin sözçüsü Dmitri Peskov mətbuat brifinqində çərşənbə axşamı Ukraynanın 36 günlük müharibəyə son qoyulması üçünTürkiyənin İstanbul şəhərində keçirilən danışıqların başlanğıcında tələblərinin siyahısını təqdim etdiyini bildirib.

Ukrayna prezidenti Volodimir Zelenskinin köməkçisinin bildirdiyinə görə, çərşənbə axşamı keçirilən yığıncaqda tərəflər Ukrayna üçün beynəlxalq təhlükəsizlik təminatları ilə yanaşı, mümkün atəşkəs şərtlərini müzakirə edib.

Ukraynalı müzakirəçilər, həmçinin Kyivin NATO və ya digər hərbi ittifaqlara qoşulmamaq kimi təhlükəsizlik zəmanətləri müqabilində neytral status qəbul etməyi təklif edib.

Peskov jurnalistlərə Moskvanın Kyivin yazılı tələb bəyanatı təqdim etməsi faktını alqışladığını, lakin orada Rusiyanın yekun razılaşmaya gətirib çıxaracaq heç bir şey görmədiyini deyib.

Bu arada Ukraynanın yerli rəsmiləri bildiriblər ki, Rusiya ordusunun xoşməramlılıq əlaməti olaraq bu məntəqələrdə əməliyyatları azaldacaqları barədə vədinə baxmayaraq, paytaxt Kyiv və şimaldakı Çernihov şəhəri ətrafındakı artilleriya hücumlarını davam etdirir.

Ukrayna Baş nazirinin müavini İrina Vereşuk çərşənbə günü tərəfilərin üç təxliyə dəhlizinin açılması barədə razılığa gəldiyini açıqlayıb. Vereşukun bildirdiyinə görə, bu dəhlizlər mühasirədə olan Mariupol şəhərinin boşaldılması və Mariupoldan təqribən 84 kilometr cənubda yerləşən Berdyansk şəhərinə humanitar yardımın çatdırılması, digər dəhliz isə Melitopol şəhərinə humanitar yardımın çatdırılması və oradan evakuasiya üçün istifadə olunacaq. Üçüncü dəhliz isə Enerhodardan Zaporojyaya gedən bir qrup insan üçündür.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Agentliyinin rəhbəri Filippo Qrandi çərşənbə günü “mənasız” adlandırdığı müharibə səbəbindən öz doğma torpaqlarını tərk edən ukraynalıların sayının hazırda 4 milyonu keçdiyini bildirib.

BMT-nin dediyinə görə, fevralın 24-dən, Rusiya işğalının başlanmasından bəri Ukraynanı tərk edənlərin yarısından çoxu Polşaya üz tutub.