Ukraynalı kəndlilər böyük müharibənin başlayacağından qorxur

Lyudmila Momot Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçılar tərəfindən atəşə tutulan evinin xarabalığında göz yaşlarını silə-silə xilas etmək üçün paltar və məişət əşyalarını axtarır.

Onun üsyançıların nəzarətində olan Donetsk şəhərinin şimal-qərbində yerləşən Nevelske kəndi separatçılarla Ukrayna hərbçiləri arasında təmas xəttindən cəmi 3 kilometr aralıda yerləşir və orada cəmi beş nəfər qalıb.

Gündüzlər bu kənd tez-tez atıcı silahlardan, qaranlıq düşəndə isə yüngül artilleriya və minaatanlardan atəşə tutulur.

Artıq 7 ildən çoxdur davam edən qanlı münaqişə səbəbindən Rusiyanın sərhədə silahlı qüvvələrini toplanması işğala və ya genişmiqyaslı hərbi əməliyyatların bərpasına gətirib çıxara biləcəyinə dair narahatlıqlar yaradıb.

Üsyançılar Nevelskeni son bir ayda iki dəfə atəşə tutub. Kənddəki 50 evdən 16-sı ya dağıdılıb, ya da zərər görüb. Orada qalan bir neçə sakin isə gərgin vəziyyətdə yaşayır.

"Ukrayna-Rusiya münasibətləri nə qədər pis olarsa, biz sadə insanlar bir o qədər əziyyət çəkirik" - deyə, ömrü boyu süd fermasında işləyən 68 yaşlı Momot bildirir.

Mərmi evini dağıtdıqdan sonra Momot yaxınlıqdakı qəsəbəyə, oğlunun yanına qaçıb.

Şərqdəki sənaye mərkəzi olan Donbasda münaqişə 2014-cü ilin aprelində, Ukraynanın Moskvaya dost olan keçmiş prezidentinin devrilməsindən və Rusiyanın Krımı ilhaq etməsindən bir neçə həftə sonra başlayıb. Ukrayna və Qərb Rusiyanı üsyançıları qoşun və silahlarla dəstəkləməkdə ittiham edir. Lakin Moskva döyüşə qoşulan rusların özbaşına hərəkət edən könüllülər olduğunu deyir.

Ölkənin şərqində 2 milyondan çox insanı evlərindən didərgin salan döyüşlərdə 14 mindən çox insan həlak olub.

Münaqişə başlayanda Nevelski kəndində 286 nəfər yaşayırdı. İndi xarabalığa çevrilmiş kənddə qalan beş nəfər yaşlı insan içmək və yemək bişirmək üçün yağış suyu toplayır, humanitar yardım gələnə qədər isə bayat çörək yeyirlər.

Son zamanlar Rusiyanın qoşunlarını sərhəddə artırması fonunda Vaşinqton və müttəfiqləri Moskvaya Ukraynaya hücum edəcəyi təqdirdə yüksək iqtisadi bədəl ödəyəcəyi barədə xəbərdarlıq edib. Moskva belə bir niyyəti olduğunu inkar edir və Ukraynanın üsyançıların nəzarətində olan ərazilərin nəzarətini geri almaq planının olduğunu deyib. Kyiv bunu rədd edib.

Rusiya prezidenti Vladimir Putin qərbi NATO-nun Ukraynada genişlənməyəcəyinə, alyansın qüvvələrini və silahlarını yerləşdirməyəcəyinə zəmanət verməyə çağırıb və bunun Moskva üçün “qırmızı xətt” olduğunu deyib. ABŞ və müttəfiqləri belə bir söz verməkdən imtina edib. Lakin ABŞ prezidenti Co Bayden və Putin keçən həftə Rusiyanın narahatlığını müzakirə etmək üçün danışıqlar aparmağa qərar verib.