Mariupolda “yaşıl dəhliz” işə düşüb - İnsanlar şəhəri tərk etməyə başlayıb

Mariupolda “yaşıl dəhliz” işə düşüb və insanlar şəhərdən çıxarılmağa başlayıb. Artıq onlarla avtomobil şəhəri tərk edə bilib. Bu barədə Mariupol merinin müşaviri Pyotr Andryuşenko öz Facebook səhifəsində məlumat verib.

“Saat 13:00-a olan məlumata görə, Mariupol marşrutu üzrə (Melekino kəndi - Portovskoe kəndi - Manquş kəndindən Berdyansk (Zaporojye) istiqamətində) şəxsi nəqliyyat üçün humanitar dəhlizin sükut rejiminə əməl olunduğu təsdiqlənib. Hazırda 50-dən çox şəxsi avtomobil Berdyanskdan keçərək Zaporojye istiqamətində hərəkət edir. Nəzarət-buraxılış məntəqələrindən keçmək problem yaratmır" - deyə, Andryuşenko bildirib.

Andryuşenko onu da əlavə edib ki, Mariupolun bütün sakinlərini Zaporojyedə ilkin tibbi yardım gözləyir.

Şəhər merinin müşaviri yerli hökumətin bu dəhliz istiqamətində təhlükəsizliyə rəsmi zəmanət verə bilmədiyini də qeyd edib.

"Bu, rəsmi təsdiqi olan və bu gün faktiki olaraq fəaliyyət göstərən yeganə dəhlizdir. Buna görə də biz öz şəxsi nəqliyyatınızla evakuasiyaya müstəqil qərar verdiyiniz halda sizə bu məlumatdan istifadə edə biləcəyinizi bildiririk" - deyə, o, əlavə edib.

İki həftəyə yaxındır ki, Mariupol Rusiya ordusu tərəfindən mühasirəyə alınıb və şəhərdə aktiv döyüşlər gedir. Yerli hökumət orqanlarının məlumatına görə, Rusiya hərbçiləri sükut rejiminə dair razılaşmalara əməl etməyərək, yaşayış binalarını və tibb müəssisələrini atəşə tutub. Rusiya Federasiyasının Müdafiə Nazirliyi bəyan edib ki, o, yalnız hərbi obyektlərə və “millətçilərin sığınacaqlarına” zərbələr endirir.

Mariupol hökumət orqanlarının məlumatına görə, Ukraynada müharibə başlayandan bəri əsasən top atəşləri və hava hücumları nəticəsində şəhərdə 2187 nəfər həlak olub.

Şəhər Şurasının bildirdiyinə görə, Rusiya ordusu "qəsdən yaşayış binalarını, insanların sıx olduğu yerləri hədəf alır, uşaq xəstəxanalarını dağıdır və şəhərin infrastrukturunu tamamilə məhv edir".