Ukrayna baş naziri: Rusiya əsgərləri ölkəmizə soxulub [Fotoqalereya]

Ukraynadan son görüntülər

Ukrayna baş naziri Arseniy Yatsenyuk deyir ki, rus əsgərləri onun ölkəsindədir.

Ukrayna hökuməti bu gün Novoazovsk şəhərinin Rusiya hərbrçilərinin nəzarəti altına keçdiyini təsdiq edib.

Cənab Arsenyuk Moskvanın regiona tanklar və zirehli texnika göndərdiyini bildirib.

Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurası hərbi müdaxilə haqda ilkin məlumatı səhər Twitterdə yayıb. Məlumatda bir neçə digər ətraf kəndin də ələ keçirildiyi bildirilir.

Vəziyyətin gərginləşməsi Ukrayna prezidenti Petro Poroşenkonun Türkiyəyə səfərini ləğv etməsinə səbəb olub. Prezident Təhlükəsizlik və Müdafiə Şurasında təcili yığıncaq keçirmək barədə göstəriş verib.

Bəyanatında cənab Poroşenko deyib ki, Ukraynanın Donetsk regionunda vəziyyət qəflətən kəskin şəkildə dəyişib. O deyib ki, Rusiya qoşunları Ukraynaya gətirilib.

Ukraynanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq təşkilatına elçisi Moskvanı birbaşa işğalda təqsirləndirib.

İhor Prokopçuk Ukraynada gedən yeni hadisələrlə bağlı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvlərinin Vyanada keçirdiyi görüşdə bu barədə bəyanat verib.

ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq təşkilatına elçisi Twitterdə bildirib ki, Rusiyanın Ukraynada zorakılığı Vyanada keçirilən görüşdə müzakirə ediləcək birinci mövzu olacaq.

BMT Təhlükəsizlik Şurası bu dəqiqələrdə fövqəladə yığıncaq keçirməyə hazırlaşır.