Bayden Ukraynaya 800 milyon dollarlıq yeni yardım paketini elan edib

ABŞ Prezident Co Bayden çərşənbə günü Ukraynanın yardım xahişinə cavab olaraq, bir sıra silah və müdafiə vasitələrini əhatə edən 800 milyon dollarlıq yardım paketi ilə cavab verib. Lakin buraya ölkəsi Rusiyanın davamlı hücumlarına məruz qaldığı üçün Ukrayna Prezidenti Volodimir Zelenskinin uçuşa qadağa zonası xahişi daxil deyil.

Bayden özü ilə Rusiya prezidenti Vladimir Putin arasındakı söz müharibəsini də sərtləşdirib.

Günün sonunda bir tədbirdə iştirak edən Bayden jurnalistlərə "Mən hesab edirəm ki, o, hərbi cinayətkardır" deyib və təfərrüatlara varmadan, uzaqlaşıb.

Buna cavab olaraq Kremlin sözçüsü Dmitri Peskov TASS xəbər agentliyinə Baydenin bəyanatının “qəbuledilməz və bağışlanmaz ritorika” olduğunu deyib.

"Prezidentin açıqlamaları hər şeyi deyir. O, ürəyindən gələnləri deyir və televiziyada gördüklərinizdən danışır. Bu, qəddar bir diktatorun xarici ölkəyə vəhşicəsinə hücumu barədədir” - deyə, Ağ Evin mətbuat katibi Cen Psaki detallar barədə soruşarkən bildirib.

Putin üç həftə əvvəl Ukraynaya hücuma başlayıb. Onun hərbi qüvvələri xəstəxanalara, məktəblərə və yaşayış binalarına zərbələr endirib. Zelenski genişmiqyaslı hücumlar zamanı 100-ə qədər uşağın həlak olduğunu bildirib.

Bayden bu yardım paketinin “ABŞ-ın Ukraynaya yeni təhlükəsizlik yardımının ümumi məbləğini 1 milyard dollara” çatdırdığını vurğulayıb.

“Bu yeni paket özlüyündə Ukraynaya görünməmiş yardım göstərəcək. Buraya Ukrayna ordusunun onun xalqına hücum edən təyyarə və vertolyotları dayandırması və Ukrayna hava məkanının müdafiəsini davam edə bilməsi üçün 800 zenit sistemi daxildir” , prezident əlavə edib.

Baydenin qeyd etdiyi 800 Stinger zenit sistemi ilə yanaşı, paketə 2000 Javelin və 1000 yüngül zirehli silah və 6000 AT-4 zirehli sistem daxildir. Paketə eləcə də yüzlərlə qumbaraatan və pulemyot; minlərlə tüfəng və tapança, 20 milyondan çox patron və on minlərlə dəst zirehli geyim və dəbilqə daxildir.

Çərşənbə günü Pentaqon bildirib ki, avadanlığın çatdırılması üçün işlər davam edir.