Bayden Putinin Ukraynada hərbi cinayətlərə görə mühakimə olunmasına çağırır

ABŞ Prezidenti Co Bayden bazar ertəsi Rusiya prezidenti Vladimir Putinin müharibə cinayətləri ittihamı ilə mühakimə olunmasına çağırıb və onu son günlər Ukraynanın paytaxtı Kyiv yaxınlığındakı Buça şəhərində rus qoşunları tərəfindən törədilən vəhşiliklərə görə qınayıb.

“Putini müharibə cinayətkarı adlandırdığım üçün tənqid edildiyimi xatırlaya bilərsiniz. Siz Buçada baş verənləri gördünüz. Bu onun hərbi cinayətkar olduğunu təsdiqləyir. Lakin biz məlumat toplamalıyıq” - deyə, Bayden Ağ Evdə müxbirlərə bildirib.

“Bu adam qəddardır və Buçada baş verənlər dəhşətlidir, hamı bunu gördü. Mən sanksiyaları əlavə etməyə davam edəcəyəm”, həftəsonu Delaver ştatında istirahətdən sonra Vaşinqtona qayıdan Bayden Putini nəzərdə tutaraq deyib.

Ukraynanın baş prokuroru İrina Venediktova bildirdiyinə görə, 410 mülki vətəndaşın cəsədi bu yaxınlarda Kyiv ətrafında Rusiya qüvvələrindən geri alınan şəhərlərdə aşkar edilib.

Avropa Komissiyasının prezidenti Ursula Von Der Leyen bazar ertəsi Twitter səhifəsində Avropa İttifaqının “müharibə cinayətlərini sənədləşdirməyə” yardım etmək üçün Ukraynaya müstəntiqlər göndərəcəyini yazıb.

Ukrayna prezidenti Volodimir Zelenski bazar ertəsi müharibənin dağıtdığı Buçaya səfər edib və milli televiziya ilə xalqa müraciət edərək deyib ki, Moskva qüvvələrinin törətdiyi vəhşiliklər daha aydın göründüyü bir vaxt Rusiya ilə müharibəyə son qoyulması ilə bağlı danışıqlar daha da çətinləşib.

Zelenski mülki əhalinin bir-birinə bağlanaraq yaxın məsafədən güllələnməsi, kütləvi məzarlıq və Buça küçələrindəki cəsədləri gördükdən sonra “Bunlar müharibə cinayətləridir və dünya tərəfindən soyqırım kimi tanınacaq” deyib.

Moskva Buçada dinc sakinlərin öldürülməsi ilə bağlı ittihamları rədd edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Kyiv yaxınlığındakı səhnələri “Rusiyaya qarşı səhnələşdirilmiş təxribat” kimi qiymətləndirib.

Fevralın 24-ü Rusiyanın hərbi müdaxiləsindən bəri ilk dəfə Kyivdən kənara çıxan zirehli gödəkçə geymiş Zelenski hərbçilərlə görüşüb. “Onların burada nə törətdiklərini görəndə danışmaq çox çətindir. Rusiya Federasiyası görüş prosesini uzatdıqca, bu, onlar üçün, vəziyyət və bu müharibə üçün bir o qədər pis olacaq”, Zelenski deyib.

“Biz minlərlə qətlə yetirilən və işgəncələrə məruz qalan, əl-ayaqları kəsilən insanların, zorlanan qadınların və öldürülən uşaqların olduğunu bilirik”, o bildirib.

Rusiyanın son günlər qoşunlarını Ukraynanın Qara dəniz yaxınlığındakı şəhərlərinə və Ukraynanın şərqindəki mübahisəli Donbas bölgəsinə cəmləşdirmək üçün geri çəkilməsindən sonra Buça və Kyiv ətrafında digər ərazilərdə dağıntı səhnələri Moskvanın qınanmasına səbəb olub.

Qərb liderləri enerji idxalına məhdudiyyətlər də daxil olmaqla, Rusiyaya qarşı növbəti iqtisadi sanksiyaların mümkünlüyünü nəzərdən keçirir. Lakin Avropanın Rusiyadan bir neçə enerji növündən asılı olması Qərb müttəfiqləri arasında azalmanın həcmi və vaxtı ilə bağlı fikir ayrılıqları yaradır.