Ukrayna prezidenti Qərbi kəskin tənqid edib

Ukrayna prezidenti istefasına çağıran nümayişçilərə dəstək verdiyi üçün Qərbi kəskin tənqid edib. Televiziya müsahibəsi zamanı Viktor Yanukoviç xarici ölkələri Ukraynanın daxili məsələlərinə müdaxilə etməkdə günahlandırıb.

Qəzəbli görünən dövlət başçısı bildirib ki, başqalarının vətənimə gəlib, mənə dərs demələrinin qəti əleyhinəyəm. O, növbədənkənar seçkilər fikirini rədd edərək, müxalif siyasətçiləri “ambisiyalarına nəzərət etməyə” çağırıb.

Ukrayna prezidenti ölkəsinin Rusiya ilə Gömrük İttifaqının hansı hissəsinə qoşulacağı məsələsinin kabinet tərəfindən nəzərdən keçirildiyini deyib.

Moskavada isə Rusiya prezidenti Vladimir Putin Ukraynaya qardaş ölkə kimi yardım etdiyini bildirib. O, bunun Ukraynanın Avropa İttifaqına üzvlük məsələsi ilə heç bir əlaqəsi olmadığını deyib.