Ukrayna deputatları ziddiyyətli qanun layihəsinin parlament baxışına çıxarılmasını əngəlləməyə çalışıb

Bu günlər Ukraynada baş verənlər yenidən dünyanın diqqət mərkəzinə keçib. Bu dəfə söhbət Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilidən getmir.

Ötən gecə fəallar və islahatçı deputatlar ziddiyyətli qanun layihəsinin parlament baxışına çıxarılmasını əngəlləməyə çalışıblar. Onların fikrincə, bu qanun qəbul olunarsa, müstəqil təhqiqat agentliyi darmadağın olar, başçısı da işdən çıxarılar.

Dekabrın 7-si səhərədək onlar qərbdəki müttəfiqlərə dəfələrlə zəng edərək dəstək istəyiblər. Axır ki, kiçik qələbə qazanıblar: hər halda, qanun bu günlük Verxovna Radanın gündəliyinə salınmayıb.

Bu ziddiyyətli qanun layihəsini prezident Petro Poroşenkonun və keçmiş baş nazir Arseniy Yatsenyukun partiyalarından olan deputatlar hazırlayıblar. Qanun qəbul olunarsa, Milli Anti-korrupsiya Bürosunun (NABU) rəhbəri Artem Sytnyk işdən çıxarılacaq.

Tənqidçilər Poroşenkonu islahatları əngəlləməyə çalışmaqda suçlayırlar.

Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı dekabrın 6-da bildiriblər ki, Ukraynada anti-korrupsiya qurumlarına hücumlardan narahatdırlar.

Bu iki qurum Ukraynaya Avromaydan etirazlarından sonra 40 milyard dollarlıq kredit ayırmış maliyyəçilər arasındadır. Amma BVF milyardlarla dolları köçürməyi yubadır, Kiyevin islahat öhdəliklərini yerinə yetirmədiyini bildirir.

Ukrayna ruhunu korrupsiyaya qurban verirsə, Donbasda bədəni uğrunda vuruşmasının mənası yoxdur”, – ABŞ-ın dövlət katibi Reks Tillerson dekabrın 4-də verdiyi bəyanatda deyib.

Hazırda ölkənin şərq hissəsində rusiyapərəst separatçılarla hökumət qüvvələrinin mübarizəsi gedir.

NABU-nun yaradılması Avromaydan hərəkatının ən böyük uğurlarından sayılırdı. Tərəfdarları deyirlər ki, bu agentliyin süqutu əsl antikorrupsiya islahatının sonu demək olar.

Qanunvericilik NABU ilə Baş Prokurorluq arasında uzun sürən münaqişə nəticəsində ortaya atılıb.

Ötən həftə baş prokuror Yuriy Lutsenko şübhəli korrupsioner rəsmiləri və parlament üzvlərini saxlamağı hədəfləyən əməliyyatda NABU agentini ifşa edib, yeddi aylıq əməliyyat pozulub. NABU Dövlət Miqrasiya Xidmətində şübhəli korrupsiyanı önləmək istəyirdi.

Lutsenko NABU-nun hüquqi səlahiyyətini aşdığını iddia edib.

Parlamentdə yeni qanunun müzakirəsinə qarşı çıxan fəallar və deputatlar sosial mediada bir-birini dəstəkləyib, #savenabu, #supportnabu, #standfornabu haştaqları yaradıblar.

Qanun layihəsinə parlamentin gündəmindən çıxarılınca, NABU bəyanat verərək Ukraynanın beynəlxalq müttəfiqlərinə korrupsiyayla mübarizədə dəstəyə görə təşəkkür edib.