Ukrayna parlamenti Yanukoviçin prezident səlahiyyətlərini ləğv etdi

Bu gün prezident Viktor Yanukoviçin konstitusional şəkildə səlahiyyətlərini icra edə bilmədiyini elan edən Ukrayna parlamenti may ayının 25-nə erkən seçkiləri təyin edib.

Parlamentin üzvləri ayağa qalxaraq qərarı alqışlayıb və dövlət himnini oxuyub.

Parlament həmçinin həbsdə olan müxalifət lideri, sabiq baş nazir Yuliya Timoşenkonun dərhal azad edilməsinin lehinə səs verib. Xanım Timoşenko səlalahiyyətlərində sui-istifadə ittihamı ilə həbsdə saxlanılırdı.


Ukrayna prezidenti Viktor Yanukoviç isə deyib ki, o, nə istefa verəcək, nə də Ukraynanı tərk edəcək. O, özünə qarşı olan zorakı qiyamı hərbi çevriliş adlandırıb.

Rusiya İnterfax xəbər agentliyinin məlumatına görə Yanukoviç bu sözləri Ukrayna televiziyasına müsahibəsi zamanı deyib. Yanukoviç habelə bu gün parlamentin qəbul etdiyi qərarların qeyri-qanuni olduğunu bildirib.

Yanukoviçin hazırda hara olması barədə məlumat olmasa da, data məlumatları televiziya müsahibəsinin Ukraynanın şərqindəki Karkov şəhərində aparıldığını göstərir.