Ukrayna müharibəsi - günahsız qurbanlar

Ukrayna paytaxtı Kiyevdə sovet dövrünün hərbi xəstəxanası qarşısında dayanmış əsgərlər siqaret çəkir, söhbət edərək gülüşür. Onların görünüşü kövrək atəşkəsin hökm sürdüyü yüzlərlə kilometr şərqdə Rusiya tərəfdarı separatçılarla münaqişədə nisbi sakitliyi əks etdirir.

Lakin xəstəxana divarları arxasında gələcək nəsilləri uzun müddət rahat qoymayacaq Ukrayna münaqişəsinin faciəli mənzərəsi gizlənir.

11 yaşlı Mikoila Nijnyakovski qəlpə yaralarını qaşımaq istəyir. Onun bir sol qolu işləyir, sağ qolunun bir hissəsini partlayış zamanı itirib.

Anası 38 yaşlı Alla Nijnyakovskaya özünü ələ almağa çalışaraq, oğluna kömək edir. İki ay öncə baş vermis partlayış zamanı Kolya iki ayağı və bir qolunu itirib, onun 4 yaşlı qardaşı Danilo isə hadisə yerində ölüb.

Bu, Ukraynanın şərqində separatçıların qızışdırıdığı və 20 aydır sürən müharibənin yalnız bir üzüdür.

Kolyanın hekayəsi

11 yaşlı Kolya iki ay bundan öncə tamamilə sağlam bir oğlan idi və bütün başqa oğlanlar kimi onun ən çox sevdiyi iş dostları ilə oynamaq idi. Avqustun 25-də Kolya və onun kiçik qardaşı Danilo Azov dənizi sahilindəki Mariupol şəhərinin 10 kilometrliyində yerləşən Bolodarsk kəndində başqa oğlanlarla oynayırdı.

Uşaqlar borunun içində tapdıqları əşyanı dövrəyə alıb onun nə olduğunu tapmaq istəyirdi. Bu əşya sonradan mütəxəssislərin müəyyən etdiyi kimi partlamamış raket qumbarası idi. Oğlanlardan birinin onu yerə atması ilə baş vermiş partlayış faciə ilə nəticələnmişdi.

Günahsız qurbanlar

BMT-nin uşaq fondu UNİSEF-in bu ilin verdiyi məlumara görə, Ukraynanın şərqində minalar və partlamamış hərbi sursat müharibənin birinci ili 42 uşağın ölümünə və 109 uşağın yaralanmasına səbəb olub. Bu rəqəmlər ayrı-ayrı insidentlərin baş verməsi haqda məlumatlara əsasən iki dəfə artıb.

Minaların kim tərəfindən yerləşdirildiyi aydın deyil. Ukrayna 1997-ci il Minaların Qadağan Olmasına dair Müqaviləyə imza atıb, Rusiya isə onu imzalamayıb. Bu da bəzi hallarda artıq minalanmış ərazilərə yeni minaların yerləşdirilməsi ilə nəticələnib.

Ukrayna hökuməti keçən il belə silahları heç vaxt yerləşdirmədiyini təkidlə bildirib və Kiyev məsuliyyəti Rusiya hərbi qüvvələrinin üzərinə ataraq, onların birbaşa münaqişəyə cəlb olunduğunu və Donetsk və Luqanskda separatçıları dəstəklədiyini iddia edib.

Human Rights Watch bildrib ki, indiki mərhələdə hansı tərəfin məsuliyyət daşıdığını müəyyən etmək mümkün deyil.

Danimarkanın minalardan təmizləmə qrupunun nümayəndəsi Edvard Krouter Ukrayna ordusunun 569 əsgərinin partlamamış hərbi sursat ilə təmas nəticəsində həlak olduğunu bildirib. Mülki əhali arasında ölüm hallarının dəqiq sayı isə bilinmir.

Kolya Ukrayna əsilli amerikalı paralimpiya çempionu Oksana Masterslə birlikdə

Uzun sürən təhlükəli iş

Ukrayna ordusu mümkün olduğu qədər minaların təmizlənməsinə cəhd göstərir. Lakin bu, ağır və vaxt aparan prosesdir.

Bu yaxınlarda mina təmizləyənlər Mariupo yaxınlığındakı çöldə işə başlamaq üçün ərazini yoxlayıb. Ərazi ətrafında elektrik xətləri yaxın olduğu üçün mina təmizləyənlər metal çubuqlar deyil, adi çubuqlarla iş görməli olub. Onların sözlərinə görə, bu, "müharibənin ikinci mərhələsidir."

Bəziləri ailə üzvlərinin onlara görə narahat olduğunu deyir. Onlar təhlükəni başa düşdüklərini və "nəyə getdiklərini yaxşı bildiklərini" deyir. Lakin mina təmizləmək də onlar üçün tədricən adi bir işə çevilir.

Bəzən minalar və partlayıcı hərbi sursatı tapmaq mümkün olmur. Avqust ayında Mariupol yaxınlığındakı kəndlərdən birinin sakini Herorhiy Voyevoda sahəsini əkindən əvvəl yoxlamaq üçün hərbçiləri çağırıb. Mina təmizləyənlər sahəni yoxlayıb onun təhlükəsiz olduğunu deyib. Voyevoda sahəsinə qayıdanda isə böyük partlayış baş verib. O, ağır yaralanıb və iki həftə xəstəxananın reanimasiya şöbəsində müalicə olunub.

Xarici mina təmizləyən qruplar Ukraynada hələ fəaliyyətə başlamayaraq, bunun səbəbini lazım olan müasir texnoloji avadanlığın gətirilməsi üçün bürokratik əngəllərlə izah edir.

Münaqişənin həllinə kömək məqsədilə yaradılmış Ukrayna, Rusiya, Fransa və Almaniyadan ibarət kvartet bu ayın sonuna qədər Ukraynanın şərqinin minalardan təmizlənməsinə dair razılığın əldə ediləcəyi ilə bağlı əminliyini bildirib.

ATƏT-in bir müşahidəçisi ilk qarın düşməsindən əvvəl minalardan təmizlənmə işinin başlayacağı ilə bağlı nikbinliyini ifadə edib. Onun sözlərinə görə, işlər əsas etibarilə Mariupolda 2015-ci ilin birinci yarısı ciddi qarşıdurmanın baş verdiyi Şirokone kəndində aparılacaq.

Ağrıların acısı

Avqust ayında insidentdən sonra Kolya təyyarə ilə Zaporojyedə hərbi xəstəxanaya aparılıb. Onun hər iki ayağı amputasiya olunub, qolunun yalnız dirsəkdən aşağı hissəsi qalıb. O, başından ağır yaralar alıb.

Hadisədən şok keçirən ana oğlunu bir neçə həftədən sonra görməyə gedib. Əslində anası onun aldığı yaralardan sonra sağ qalacağına inamını tam itiribmiş.

Lakin Kolya sağ qalıb. İndi Kiyevdə hərbi xəstəxanada anası ona bədənindən çıxarılmış qəlpələri gösətir. Kolya üzü və başında əməliyyatlardan sonra taxılmış sarğıya görə demək olar danışa bilmir.

Alla Nijnyakovskaya ümidini itirmir, amma bir şeyi Kolyaya söyləməyə hələ də gücü çatmır. Kolya soruşanda ona Danilonun başqa xəstəxanada müalicə olunduğunu deyirlər.

Müharibənin həmin o yay günündə kiçik qardaşının həyatını apardığını öyrənməyin acısı hələ qarşıdadır.