Separatçılar Kramotorskda hərbi qərargahı raket atəşinə tutub

Ukraynanın şərqində Kramatorsk şəhərinə atılmış raketlər Rusiya tərəfdarı separatçılara qarşı əməliyyatlar aparan hərbi qüvvələrin qərargahına və mülki əhalinin məskunlaşdığı ərazilərə düşüb.

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksandr Turçinov deyib ki, ilkin məlumata əsasən, üsyançıların Kramatorskuda raket hücumları 15 adamın ölümü və uşaqlar da daxil olmaqla 63 adamın yaralanmasına səbəb olub.

Donetsk regionunun idarəsinin verdiyi məlumata görə,yaralananların 32-i raketin düşdüyü təyyarə meydançasında işləyən 32 hərbi qulluqçudur.

Ukrayna prezidentinin müşaviri Yuri Biryukov Facebook səhifəsində yerləşdirdiyi məlumatda hərbi qərargahda iki hərbi qulluqçunun həlak olduğu və doqquz hərbi qulluqçunun yaralandığını bildirib.

Ukrayna hökumətinin tərəfindən döyüşən “Azov batalyonu” hərbi dəstəsi bu gün irəliləyişə nail olduğunu bildirib. Könüllülərdən ibarət Kiyev tərəfdarı yarı-hərbi qrup Facebook səhifəsində yerləşdirdiyi məlumatda Rusiya ilə sərhəddəki Novozavodsk şəhəri istiqamətində keçirilən hücum zamanı bir neçə kəndi ələ keçirdiyini bildirib.

Kramatorskda hücumdan öncə Ukrayna hərbi qüvvələri 24 saat ərzində döyüşlərdə yeddi hərbi qulluqçunun öldüyünü bildirib.