Ukrayna kommunist simvollarını niyə qadağan edir? [Video]

Your browser doesn’t support HTML5

Ukraynada Kommunist simvollarına qadağa

Bəzi keçmiş Sovet İttifaqı ölkələri və regionları kommunist simvollarına - çəkic, oraq və beşgüşəli ulduza qadağa qoyur.

Keçən il Lvov şəhərində Qərbi Ukraynanın millətçiləri II Dünya Müharibəsinin şərəfinə keçirilən nümayişə kommunistlərin qırmızı bayraqlar gətirməsinin qarşısını almışdı. Bu il isə Lvovda Kommunist və Nasist simvollarının ictimai yerlərdə nümayişinə qadağa qoyulub.

Çəkic, oraq və svastika bundan əvvəl Baltik ölkələri, Gürcüstan və bir çox Şərqi Avropa ölkələrində qadağan olunub. Moldova da bu qadağanı oktyabr ayından tətbiq edəcək.

Bir zamanlar Lvov Opera Evinin qarşısında Leninin heykəli var idi, indi isə orada fəvvarə var.
Ancaq bir zamanlar fəvvarə olan digər bir ərazidə, indi Ukrayna millətçilərinin anti-Sovet təşkilatının lideri Stepan Banderanın heykəli ucalıb.

“Hazırda ucaldılmaqda olan abidələr milli qəhrəmanlara, bir zamanlar Sovet İttifaqına qarşı mübarizə aparmış qəhrəmanlara aiddir” deyə Lvovda politoloq kimi fəaliyyət göstərən Sergey Kudalia bildirir.

Lvovun II Dünya Mübaribəsində həlak olanların xatirəsinə salınmış parkda bəzi ziyarətçilər Sovet əsgərlərinin abidəsindən kommunist simvollarını çıxarıblar.
Ancaq Moskvada Leninin 93 büst və heykəli var. Rusların çoxu deyir ki, Sovet İttafaqı inkişaf qüdrəti idi.

Aleksandr Qızıl Meydanı ziyarət edənlər üçün Lenini təqlid edir. “Məncə Sovet vaxtı Ukrayna həm iqtisadi, həm də mədəni baxımdan iri addımlarla inkişaf edib. Ukrayna o zaman Sovet İttifaqını irəli çəkən respublikalar arasında olub. Ona görə, Sovet reallığı Ukrayna üçün yalnız yaxşı olub” – deyə Aleksandr fikrini ifadə edir.

Lvovda jurnal redaktoru Taras Voznyak etiraz edərək bildirir ki, ruslar öz imperial dünya görüşünü genişləndirə bilməzlər: “Rusiya hazırda özünü Rusiya Federasiyası adı altında Sovet İmperiyasının xələfi hesab edir. Ukrayna isə özünü Sovet ənənələrinin xələfi kimi görə bilməz. Bu, sadəcə alınmır”.

Kreml bu yaxınlarda Sovet İttifaqının Ukraynada Nasistlərə müqaviməti haqda danışan “Matç” adlı rus dilli filminə sponsorluq edib.
Ukraynalı millətçilər bu filmin nümayişinə qadağa qoymaq istəyiblər, çünki filmdə ukraynalılar Nasist tərəfdarları kimi qələmə verilir.

Lvovun sabiq meri Vasil Kuybida 1930-cu illərin aclığını ittiham edərək deyir ki, Sovet İttifaqının kənd təsərrüfatı siyasəti Nasistlərin müharibəsi qədər qəddar olub.

“Yalnız Holodomor (1930-cu illərdəki aclıq) vaxtı 10 milyon insan həlak olub. Nə qədər insan həbs, edam edilib və ya Sibirə sürgün olunub? Milyonlarla! Biz bunu Lenin və Stalin tərəfindən yaradılan kriminal rejim hesab edirik” – deyə o bildirir.

Öz növbəsində bəzi ruslar isə Qərbi Ukraynada yaşayanları faşizmə qarşı sərt mövqe tutmamaqda ittiham edir.