Britaniya ilə Ukrayna 'Strateji Tərəfdaşlıq Sazişi' imzalayıb

Britaniya baş naziri Boris Consonun ofisinin bildirdiyinə görə, Rusiyanın "pis təsirləri" qarşısında Britaniya ilə Ukrayna arasında Kiyevin suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi sahəsində ikitərəfli müqavilə imzalanıb.

Böyük Britaniya ilə Ukrayna arasındakı Siyasi, Sərbəst Ticarət və Strateji Tərəfdaşlıq Sazişi Ukrayna prezidenti Volodimir Zelenskinin Britaniyaya səfərinin ikinci günü, cümə axşamı imzalanıb.

"Bu saziş ticarət, müdafiə və siyasi əməkdaşlıq daxil olmaqla, iki ölkə arasında intensivləşən ikitərəfli münasibətlərin təməlini qoyur" - deyə, Boris Conson ofisi bildirib.

Sazış Ukrayna ilə Avropa Birliyi arasında mövcud olan tərəfdaşlıq müqaviləsinin əsas elementlərini əvəz edir.

Britaniya rəsmi olaraq birliyi yanvar ayında tərk etsə də, ilin sonuna qədər onun qaydalarının çoxuna riayət etməlidir. Ölkə 2021-ci ildə Brexitdən sonrakı gələcəyinə baxır.

Rusiya 2014-cü ildə Krımı Ukraynadan qanunsuz ilhaq etdi və 13 min 200 nəfərin ölümünə səbəb olan Ukraynanın şərqindəki separatçılara dəstək verdi.

Downing Street-dəki görüş zamanı"Conson və Zelenski Rusiyanın həm Ukraynada, həm də regionda məhvedici təsirlərinə qarşı birgə çalışmanın vacibliyini müzakirə edib" - deyə, baş nazirin ofisinin bəyanatında bildirib.

Başqa bir açıqlamasında Conson ölkəsinin Ukraynanın "ən ehtiraslı dəstəkçisi" olduğunu deyib.

"İstər müdafiə dəstəyimiz, istər sabitləşmə üzrə səylərimiz, istərsə də humanitar yardım və ya siyasi mövzularda sıx iş birliyimiz aydındır: Biz Ukraynanın ərazi bütövlüyü və suverenliyinin müdafiəsinə dair öhdəliklərimizə sadiqiq" - deyə Conson əlavə edib.